21 iyul 2023
İyulun 21-də Şirvan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvlərinin nümunəvi çıxışları olub. Fərdi gimnastlarımız Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Məmmədova, Mədinə Dəmirova, Ləman Əhmədli, eləcə də qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina mötəbər yarışlar öncəsi çıxış proqramlarını təqdim ediblər. Gimnastlarımızın çıxışlarını Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva da izləyib.
Tamaşaçılarla dolu olan Şirvan Olimpiya İdman Kompleksində gimnastikanın ən zərif nümayəndələrinin məharətli çıxışları maraq və coşğu ilə qarşılanıb. Gimnastika azarkeşləri idmançılarımızı böyük hərarət və gur alqışlarla dəstəkləyiblər.
Bölgələrdə gimnastikanın inkişafını daim diqqətdə saxlayan AGF ötən il 3, bu il isə 1 yarışı məhz bölgədə təşkil edib.
Əlbəttə ki, bölgələrdə gimnastika yarışlarının, nümunəvi çıxışların, ustad dərslərinin təşkili idmançıların öz peşəkarlıqlarını artırmaları, idmanın və gimnastikanın inkişafı və kütləviliyin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, qarşıda fərdi gimnastlarımızı 28 iyul-8 avqust tarixlərində Çinin Çendu şəhərində XXXI Ümumdünya Yay Universiadası gözləyir. Daha sonra 23-27 avqust tarixlərində fərdi və qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri İspaniyanın Valensia şəhərində keçiriləcək dünya çempionatında qüvvələrini sınayacaqlar.