İdman

gimnastikadan

başlayır

Bədii gimnastlarımızın V İslam Həmrəyliyi Oyunları öncəsi yoxlama məşqi keçirilib 

05 avqust 2022

Bədii gimnastlarımızın V İslam Həmrəyliyi Oyunları öncəsi yoxlama məşqi keçirilib 

Avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Oyunlarda ölkəmiz 4 gimnastika növü (bədii gimnastika, aerobika gimnastikası, kişi və qadın idman gimnastikası) üzrə  təmsil olunacaq. 
Avqustun 5-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yığma komandamızın İslam Həmrəyliyi Oyunlarına hazırlığı ilə bağlı yoxlama məşqi keçirilib. Yoxlama məşqində gimnastlarımız Oyunlarda nümayiş etdirəcəkləri çıxış proqramlarını təqdim ediblər. 
Yoxlama məşqlərini gənclər və idman nazirinin müavini Mariana Vasileva, tanınmış rusiyalı gimnast, beşqat dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı (Atlanta-1996), 2019-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri olmuş Yana Batırşina, paytaxt və regionları təmsil edən klubların idmançıları da izləyiblər. 
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə fərdi yarışlarda Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova medallar uğrunda mübarizə aparacaqlar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da İslamiadada gücünü sınayacaq.
Mötəbər turnirin aerobika gimnastikası yarışlarında Vladimir Dolmatov və Mədinə Mustafayeva fərdi proqram ilə yanaşı, qarışıq cütlük kateqoriyasında da çıxış edəcəklər.
M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında da mübarizə aparacaqlar.
Qadın idman gimnastikası yarışlarında Milana Minakovskaya, Samirə Qəhrəmanova, kişi idman gimnastikasında isə İvan Tixonov, Mənsum Səfərov və Nikita Simonov Azərbaycanın idman şərəfini qoruyacaqlar. Qeyd edək ki, bu gün kişi idman gimnastikası üzrə yığma komandamızın üzvləri Konyaya yola düşüblər. 
 “Konya-2021”də bədii gimnastika üzrə yarışlar avqustun 13-14-də, idman gimnastikası ayın 10-11-də və 17-18-də, aerobika isə 13-14-də keçiriləcək.