İdman

gimnastikadan

başlayır

Bədii gimnastların Dünya kuboku həyəcanı sona çatdı

20 aprel 2025

Bədii gimnastların Dünya kuboku həyəcanı sona çatdı

Bədii gimnastlar üçün böyük əhəmiyyət daşıyan Dünya kuboku, AGF Trophy yarışı başa çatdı.
18-20 aprel tarixlərində Milli Gimnastika Arenasında baş tutan “Bədii gimnastika üzrə Dünya kuboku, AGF Trophy”də 38 ölkədən 65 fərdi gimnast və 14 qrup hərəkətləri komandası qələbə uğrunda mübarizə apardı.
Yarış zamanı fərdi və qrup hərəkətləri proqramında çıxış edən idmançılar incəlik, çeviklik və texniki ustalıqlarını bir daha sübut etdilər. Müxtəlif alətlər üzrə final mərhələlərində gərgin və maraqlı mübarizələr yaşandı. 
Kubokda ölkəmizi fərdi gimnastlar Kamilla Seyidzadə və Zəhra Cəfərova təmsil etdi. Təəssüf ki, onlar doğma divarlar arasında istənilən nəticəni əldə edə bilmədilər.

Dünya kubokunun sonunda qaliblər beynəlxalq hakimlər heyəti tərəfindən müəyyənləşdirilərək medal və hədiyyələrlə təltif olundular.
Həmçinin təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edildi. Fərdi gimnastlar arasında kuboka almaniyalı Darya Varfolomeyev, qrup hərəkətləri komandaları arasında isə Bolqarıstan təmsilçiləri layiq görüldü.
Yarış müddətində maskotlarımız Cilli və Tilli tamaşaçılarla əyləncəli müsabiqələr keçirdi, gimnastlara çıxış öncəsi motivasiya verdi.
Beləliklə, ölkəmizdə 9-cu dəfə keçirilən “Bədii gimnastika üzrə Dünya kuboku” xoş anlarla yadda qaldı.

Qələbə qazanan bütün gimnastları təbrik edirik!