30 noyabr 2020
Bu gün Kiyevdə (Ukrayna) bədii gimnastika üzrə 36-cı Avropa çempionatı yekunlaşdı.
Yarışın son günü böyüklər yaş qrupunda çıxış edən fərdi gimnastlar çoxnövçülükdə qalibi müəyyənləşdirmək üçün mübarizə apardılar. Gərgin mübarizə şəraitində keçən yarışda ölkəmizi Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edib. Zörhə 4 alətlə çıxışların cəminə əsasən 9-cu yerdə qərarlaşıb. Bu çempionatda böyüklər arasında debüt edən Arzu isə bir sıra təcrübəli gimnastları qabaqlayaraq 12-ci olub.
Beləliklə, yığmamız bu qitə birinciliyini 3 medalla başa vurdu. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə gümüş, 3 halqa və 2 cüt gürzlə isə bürünc əldə etdilər. Daha bir bürünc medal isə qrup və yeniyetmə gimnastlarımız – Nərmin Bayramova, Alina Gözəlova, İlona Zeynalova və Leyli Ağazadənin topladıqları xalların cəminə əsasən komanda hesabında qazanılıb.
Qazanılmış uğur münasibətilə bütün gimnastika ictimaiyyətini təbrik edirik!