29 dekabr 2022
Azərbaycan Gimnastika Federasiyası (AGF) 2023-cü ildə gimnastika növləri üzrə Bakıda keçiriləcək beynəlxalq yarışlarının təşkili ilə əlaqədar “Könüllülər Proqramı - 2023" çərçivəsində könüllülərin qeydiyyatını elan edir.
Könüllülər proqramına seçilən şəxslər 2023-cü ildə paytaxtımızda keçiriləcək beynəlxalq yarışlarda könüllü kimi fəaliyyət göstərərək dil biliklərini inkişaf etdirərək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.
Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə yarışlardan əvvəl könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaqdır.
AGF-nin təşkil etdiyi beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, tamaşaçılar xidməti, tərcümə xidməti, mükafatlandırma xidməti, nəqliyyat xidməti və digər sahələr daxildir.
Könüllülər 2023-cü ildə Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kuboku (18-19 fevral), idman gimnastikası üzrə Dünya kuboku (9-12 mart), bədii gimnastika üzrə Dünya kuboku (21-23 aprel), bədii gimnastika üzrə Avropa çempionatında (17-21 may), o cümlədən digər beynəlxalq tədbirlər və yerli yarışlarda könüllü qismində çalışmaq imkanı əldə edəcəklər.
“Könüllülər Proqramı - 2023”-ə qatılmaq istəyən şəxslər 10 yanvar 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.
Qeydiyyat üçün linkə daxil olun: https://bit.ly/3WIklLe