İdman

gimnastikadan

başlayır

AVROPA ÇEMPİONATININ BÜRÜNC MEDALI VƏ BAYRAĞIN AZƏRBAYCANA TƏQDİM EDİLMƏSİ

04 aprel 2016

AVROPA ÇEMPİONATININ BÜRÜNC MEDALI VƏ BAYRAĞIN AZƏRBAYCANA TƏQDİM EDİLMƏSİ

31 mart – 3 aprel tarixlərində İspaniyanın Valladolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 25-ci Avropa Çempionatı keçirildi.

Azərbaycanı batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Dmitriy Fedorovskiy və Sabina Zaytseva, tamblinq üzrə turnirdə Mixail Malkin və ikili mini batut üzrə yarışlarda Dmitriy Fedorovskiy təmsil etdilər.

İkili mini batut üzrə yarışlarda debüt çıxışımız ölkəyə bürünc medal gətirdi. Hakimlərdən 74.100 xal toplayan Dmitriy Fedorovskiy fəxri kürsünün 3-cü pilləsinə yüksəldi. 1-ci və 2-ci yerləri isə Rusiya idmançıları öz aralarında bölüşdürdülər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Azərbaycanın batut gimnastikası üzrə təmsilçiləri ilk dəfə olaraq həm fərdi, həm də sinxron çıxışlarda finala – Avropanın 8 güclü gimnastları sırasına daxil ola bildilər. Nəticədə, Oleq Piunov özünün ən yaxşı çıxışını (57.525) nümayiş etdirərək, fərdi çıxış proqramı üzrə yarışlarda 5-ci yeri qazandı. Oleq sinxron cütlük tərkibində İlya Qrişuninlə birlikdə 7-ci yerdə qərarlaşdılar.

Mixail Malkin də ilk dəfə olaraq Avropa Çempionatında tamblinq üzrə yarışlarda finala vəsiqə qazanaraq, 8-ci oldu.

Sonda, bağlanış mərasimində,  batut gimnastikası üzrə növbəti - 26-cı Avropa Çempionatının 2018-ci ildə Bakıda keçiriləcəyindən, Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Azərbaycana təqdim olundu. Bayrağı UEG-nin Vitse-prezidenti kimi səlahiyyətləri çərçivəsində hazırki çempionatın Apellyasiya Kollegiyasının Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov qəbul etdi.

Azərbaycanda batut gimnastikasının 2013-cü ilin sonundan inkişaf etməsinə baxmayaraq, ölkəmiz artıq cari ilin 5-6 mart tarixlərində Bakıda batut gimnastikası üzrə Dünya Kubokunu uğurla təşkil edib.