26 may 2024
22-26 may tarixlərində idman ictimaiyyətinin diqqəti Budapeştdə cəmlənmişdi. Dünya və Avropa çempionatları hər bir gimnastın karyerasında xüsusi rol oynayır. Bu baxımdan Budapeştin yarış meydançası da idmançılarımızın bacarıq və hazırlıqlarını sübut etmək, onların gimnastika ictimaiyyətinin favoritləri arasında və güclülərin sırasında öz yerlərini qorumaları, gənc gimnastlarımız üçün isə bu sıralara qoşulmaq üçün fürsət idi. Elə bədii gimnastika üzrə Avropa çempionatının ilk gününə millimiz medal qazanaraq yekun vurdu. Belə ki, milli komandamızın gənc fərdi gimnastları - Gövhər İbrahimova (halqa), Şəms Ağahüseynova (lent), İlahə Bahadirova (top), Fidan Qurbanlı (gürzlər) komanda hesabında, ümumilikdə, 117,400 xalla bürünc medal sahibi olaraq fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. Kürsünün ilk pilləsində Rumıniya, 2-ci sırada isə İsrail komandası yer alıb. Bundan başqa gənc gimnastlarımızın dördü də mübarizəni davam etdirərək finalda iştirak hüququ qazanıb. Millimizin gənc üzvləri fəxri kürsüdə yer ala bilməsələr də, əsas etibarilə sıralamanın ön pillələrində qərarlaşıblar. Final mərhələsindəki çıxışlarında İlahə Bahadirova (top) 30,500 xalla 4-cü, Şəms Ağahüseynova (lent) 28,300 xalla 4-cü, Gövhər İbrahimova (halqa) 30,400 xalla 5-ci, Fidan Qurbanlı (gürzlər) 28,400 xalla 8-ci sırada yer tutub.
Bədii gimnastika üzrə Avropa çempionatında qrup hərəkətləri komandamız yarış boyunca güclülərin sırasında yerini qoruyub. Millimiz çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq siyahıda 4-cü yerdə qərarlaşıb. Həmçinin Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət yığmamız çıxış etdikləri hər iki proqram üzrə finala vəqisə qazanmağı bacarıblar. Onlar 3 lent və 2 top proqramı üzrə performanslarının nəticəsinə əsasən 4-cü (33,350), halqalarla çıxışdan sonra 6-cı sırada (36,600) yer tutaraq çempionata yekun vurublar.
Budapeştdə keçirilən Avropa çempionatında iştirak edən millimizin üzvləri arasında böyük fərdi gimnastlarımız - Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova da yer alıb. Onların içində ən yaxşı nəticəni topla çıxışında Zöhrə Ağamirova 32,400 xallıq performans göstərərək əldə edib. Gimnastımız beləcə 12-ci sırada qərarlaşıb.
Gimnastlarımızın daim böyük arenalarda parlaq çıxışlar nümayiş etdirmələrini arzu edirik!