İdman

gimnastikadan

başlayır

Azərbaycan çempionları bəlli oldu

18 avqust 2017

Azərbaycan çempionları bəlli oldu

Bu gün, Milli Gimnastika Arenasının köməkçi zalında baş tutan bədii gimnastika üzrə 24-cü Açıq Azərbaycan Çempionatı öz işinə yekun vurdu.

Ölkə çempionu adı uğrunda gedən mübarizədə gənclər və böyüklər yaş kateqoriyasında yer alan 25 gimnast çıxış edirdi. Çoxnövçülükdə gənclər arasında ən yaxşı nəticəni Bakı Gimnastika Məktəbinin yetirməsi Dərya Farşbafşəhriyari göstərdi. O, hakimlərdən 49.250 xal alaraq öz qələbəsini bayram etdi. Sonrakı pillələrdə isə Ocaq Sport Klubunun təmsilçiləri Nərminə Səmədova (48.050) və Arzu Cəlilova (47.700) yer aldı. Gənc gimnastlarımız müvafiq olaraq 2-ci və 3-cü yerlərdə qərar tutdular.

Böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız arasında da həyəcanlı və gərgin rəqabət hiss olunurdu. Qızlarımız xalça üzərində hakimlərin rəğbətini qazanmaq üçün qüsursuz çıxışlar nümayiş etdirməyə çalışırdılar. Yekun nəticədə Azərbaycan Çempionu adını millimizin perspektivli gimnastlarından biri, “Ocaq Sport” Klubunun yetirməsi Zöhrə Ağamirova (64.900) qazandı. Fəxri kürsünün ikinci pilləsində də eyni klubun təmsilçisi, 47.500 xalla Veronika Hudis yer aldı. Açıq Azərbaycan Çempionatında yerli gimnastlarımızla yanaşı, hazırda ölkəmizdə təlim-məşq toplanışı keçən Yeni Zelandiya təmsilçiləri də iştirak edirdilər. Onlardan Tanaka Probert Ayanın da icra etdiyi maraqlı kompozisiyalar hakimlərin diqqətindən kənarda qalmadı. O, 45.600 xalla 3-cü yerdə qərarlaşdı.

Beləliklə, bədii gimnastika üzrə Azərbaycan Çempionatının bütün qalib və mükafatçılarını təbrik edir, onlara gələcək idman karyeralarında daha yüksək zirvələri fəth etməyi arzulayırıq.