İdman

gimnastikadan

başlayır

Çempionluq uğrunda mübarizə

10 dekabr 2023

Çempionluq uğrunda mübarizə

Azərbaycan Gimnastika Federasiyası dekabrın 10-da milli yarışlar mövsümünə batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi ilə yekun vurdu.  
Ötən ildən fərqli olaraq bu dəfə yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında keçirildi.
Çempionat və birincilikdə iştirak edən 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edirdi.
Yarışa 2013-cü ilin sonundan ölkəmizdə inkişaf etməyə başlayan batut gimnastikası üzrə çıxışlarla start verildi.
Bu növ üzrə fərdi çoxnövçülükdə balacalar (2016-cı il təvəllüdlülər), uşaqlar (2013-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2007-2010-cu il təvəllüdlülər), böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) mübarizə apararaq, hakimlər qarşısında proqramlarını qüsursuz icra etməyə çalışırdı. Uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında idmançılar sinxron proqramda da ölkə çempionu olmaq üçün hakimlər qarşısına çıxdılar. İdmançılar arasında Dünya kubokunun gümüş və bürünc medalçısı Selcan Mahsudova, buyaxınlarda İngiltərənin Birminqem şəhərində keçirilən dünya yaş qrupları yarışlarında sinxron proqramda gümüş medala layiq görülən Samirə Hüseynova və Ayan Şabanova, İbrahim Mustafazadə və Ammar Baxşaliyev də yer almışdı. Təcrübəli idmançıların yarışa qatılması kiçikyaşlı gimnastları qələbə qazanmağa daha da ruhlandırırdı.
Tamblinq üzrə yarışda idmançılar uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə apardılar.
Turnirdə valehedici çıxışlar nümayiş etdirən azyaşlı idmançılarımızla yanaşı, buyaxınlarda İngiltərənin Birminqem şəhərində keçirilən dünya çempionatında komanda hesabında qızıl medal qazanan yığma komandamızın üzvü Elnur Məmmədov, dünya yaş qrupları yarışlarının bürünc mükafatçısı Aleksey Karataşov da iştirak edirdi.
Bu növ üzrə yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşdi.
Hər iki növ üzrə həyəcan dolu çıxışlar nümayiş etdirən idmançılarımıza valideynləri də yarış boyunca dəstək oldular.