İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasında uşaqların bayramı sözün əsl mənasında baş tutdu!

02 iyun 2017

Milli Gimnastika Arenasında uşaqların bayramı sözün əsl mənasında baş tutdu!

Bu dəfə Milli Gimnastika Arenası öz qapılarını bədii gimnastikada ilk addımlarını atan lap kiçik gimnastlara açdı. 1 iyunda – məhz Uşaqların Beynəlxalq Müdafiəsi günündə Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq 5-7 yaşlı gimnastlar arasında “GymBala” adlı yarış keçirdi.

Bəzən həyəcandan özünü itirən, bəzən isə özlərini bu möhtəşəm arenada keçirilmiş Avropa Çempionatı, Dünya Kuboku mərhələləri, həmçinin 1-ci Avropa Oyunları və bu yaxınlardakı 4-cü İslam Həmrəyliyi Oyunlarının gimnastika növləri üzrə yarışlarında çıxış edən məşhur gimnastlara bənzədərək, balaca ulduzlar kimi hiss edən uşaqları izləmək çox maraqlı idi.

Hələ, bütün çıxış boyunca əzizlərini həyəcanla izləyən, medal, diplom və hədiyyələrin təqdimatı zamanı onların ilk uğurlarına ürəkdən sevinən valideynlərin, balaca qardaş və bacıların sevincini görmək lazım idi!

Arenadakı ab-havadan belə qənaətə gəlmək olardı ki, MGA-da uşaqların bayramı baş tutdu!

Azərbaycan Gimnastika Federasiyası bir daha bütün qalibləri təbrik edir və ümid edir ki, balacalar üçün belə yarışların keçirilməsi yaxşı bir ənənəyə çevriləcək, çünki uşaqlar bizim gələcəyimizdir.