İdman

gimnastikadan

başlayır

Çoxdan gözlənilən kubok və “qızıl”a bərabər “bürünc”

09 may 2021

Çoxdan gözlənilən kubok və “qızıl”a bərabər “bürünc”

Bu gün Bakıda çoxdan gözlənilən bədii gimnastika üzrə dünya kuboku sona çatdı.

Milli Gimnastika Arenası uzun müddətdən sonra yenidən öz qapılarını ən incə və zərif gimnastika növünün nümayəndələri üçün açdı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq icazəsi ilə baş tutmuş Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda 35 ölkədən 150-dən çox gimnast yenidən Bakıda fərqlənmək üçün mübarizə apardı.

Ölkəmizi doğma divarlar arasında fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzan təmsil etdi.

Qrup komandamız ən güclü komandaların gərgin mübarizəsindən medalsız ayrılmadı. Hər iki çıxış proqramı üzrə finala adlamış qrupumuz 5 topla final çıxışına görə fəxri kürsünün 3-cü pilləsində yer almağı bacardı. Çoxnövçülükdə isə sevimli 5-liyimizi bürünc medaldan cəmi 0,050 xal ayırdı. 2 cüt gürz və 3 halqa ilə qızlarımız 5-ci oldular.

Qrup komandamızın məşqçisi, gimnast kimi dəfələrlə Avropa çempionatları, dünya kubokları və digər beynəlxalq yarışların mükafatçısı olmuş Siyana Vasileva komandasının medal qazanmasına görə çox şad olduğunu bildirdi. “Çox şadam ki bu yarış baş tutdu. Və biz yaxşı çıxış edib, yaxşı nəticə göstərərək, bizi izləyən gimnastika azarkeşlərini sevindirə bildik. Belə bir şans üçün hamıya təşəkkür edirik!

Mən özüm gimnast kimi çıxış etdiyim vaxtlardan bilirəm, həmişə doğma arenada yaxşı çıxış etmək istəyirsən. Ona görə də bu gün qızlar çox həyəcanlı idilər. Onlar da vətəndə yaxşı çıxış etmək, hamını sevindirmək istəyirdilər. Buna görə çox fəxr edirəm ki, bu bizdə alındı.”

Bu il beynəlxalq yarışda ilk dəfə doğma Arenada çıxış etmiş Zöhrə lentlə finala vəsiqə qazandı. Lakin final mərhələsində çox az xal fərqi ilə medalın bir addımlığında dayandı. Çoxnövçülükdə isə Zöhrə 10 ən güclü gimnastlar arasında yer aldı.

Böyüklər arasında ölkəmizdə baş tutan beynəlxalq yarışda ilk dəfə çıxış edən Arzu ən yaxşı nəticəsini topla nümayiş etdirərək, 15-ci oldu.

Yarışda karantin qaydalarına riayət olunması, insanlar arasında ünsiyyətin maksimum azaldılması, eləcə də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qayda və tövsiyələrinə əməl olunması məqsədilə Yerli Təşkilat Komitəsi tərəfindən bir sıra addımlar atıldı.

Bununla əlaqədar, hər kəsin səbirsizliklə gözlədiyi bu kubokda bir sıra yeniliklər tətbiq olundu. Ən çox marağa səbəb olunan yeniliklərdən biri mükafatçılara medalların “dron”lar vasitəsilə təqdim edilməsi oldu.

Daha bir yenilik isə media ilə bağlı oldu. Bu yarışda gimnastların çıxışlarından sonra müsahibə verməsi üçün nəzərdə tutulan “Mixed Zone” adlandırılan zona onlayn müsahibələrlə əvəz edildi. Jurnalistlər hətta arenaya gəlmədən də istədikləri gimnastdan müsahibə almaq imkanı əldə etdilər.

Uzun müddətdən sonra ilk gimnastika yarışınınbaş tutması və qazanılmış medal münasibətilə hər kəsi təbrik edirik!