İdman

gimnastikadan

başlayır

Azərbaycanda aerobika gimnastikası üzrə yarış yekunlaşıb

08 fevral 2015

Azərbaycanda aerobika gimnastikası üzrə yarış yekunlaşıb

Dünən aerobika gimnastikası üzrə Bakı Çempionatı və birinciliyi keçirilib.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verib. Ölkədə bu idman növü üzrə yarışın ilk dəfə keçirilməsinə baxmayaraq, Milli Gimnastika Arenasında  anşlaq izlənilib. Gimnastları dəstəkləməyə kiçikdən böyüyə hər kəs gəlmişdi. Yəqin, buna görə də zalda isti abu-hava hiss olunurdu.

Qeyd etməyə dəyər ki, yarış yüksək səviyyədə keçdi və gimnastlar bu yarışa yaxşı hazırlaşmışdılar. İştirakçılar arasında Beynəlxalq Gimnastika Federasiyasından lisenziyası olmadıqlarına görə müsabiqədən kənar çıxış edənlər var idi.

Yarışların qızıl medalını Anastasiya Koltunova qazandı, Yekaterina Kotlyarova 2-ci yerin, Aleksandra Qorobçuk isə bürünc medalın sahibi oldu. Yeniyetmələr arasında ilk 3 yeri Fatimə Babayeva, Əminə Zamanova və Mələk Kərimova böldülər. Ən kiçik idmançılar arasında isə qaliblər Fəridə Ağayeva, Xədicə Quliyeva və Leyla Bejanova oldu.

1996-cı ildə Beynəlxalq Gimnastika Federasiyasının 70-ci konqresində “aerobika” həmin federasiyanın gimnastika idman növləri siyahısına  rəsmi olaraq daxil edilib və o gündən etibarən bütün dünyada təbliğ olunur.

Azərbaycanda bu idman növü öz inkişafına ötən ildən etibarən başlayıb və artıq bu il aerobika Açıq Azərbaycan Çempionatında və Avropa Oyunlarında təmsil olunacaq. Bu yarışlarda ölkəni 5 nəfərdən ibarət qrup və qarışıq cütlük təmsil edəcək.