İdman

gimnastikadan

başlayır

İntizam Komissiyasının qərarı

03 oktyabr 2026

İntizam Komissiyasının qərarı

Bədii gimnastika üzrə məşqçi Şəms Soltanovanın xidməti fəaliyyəti zamanı yol verdiyi pozuntularla bağlı aparılmış araşdırma çərçivəsində İntizam Komissiyası tərəfindən yekun qərar qəbul edilmişdir.

İntizam Komissiyasının 16.09.2026-cı il tarixli qərarına əsasən, Ş.Soltanovanın xidməti fəaliyyəti zamanı AGF-nin qüvvədə olan müvafiq Qaydalarının tələblərini pozduğuna görə 06 (altı) ay müddətinə, yəni 16.09.2026-cı il tarixindən 16.03.2027-ci il tarixinədək AGF tərəfindən təşkil edilən rəsmi yarışlara, habelə AGF-nin keçirdiyi və ya tanıdığı digər tədbirlərə buraxılmaması barədə qərar qəbul edilmişdir.

Həmin Qərara əsasən, Ş.Soltanovanın AGF tərəfindən tanınan və Qərar qəbul edildikdən sonra tanınacaq idman klublarında və ya təşkilatlarında fəaliyyətə yenidən başlaması yalnız başlamazdan əvvəl ən azı 2 (iki) onlayn seyfqardinq təlimini uğurla tamamlaması və gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması mövzularına həsr olunmuş ən azı 5 (beş) maarifləndirici seyfqardinq üzrə görüş və söhbətlərdə iştirak etməsi şərtilə mümkün hesab edilmişdir. Qərara əsasən, qeyd olunan təlim və görüşlərin təşkili Ş.Soltanovanın və ya müvafiq idman klubunun və ya təşkilatının AGF-yə müraciəti əsasında AGF-nin səlahiyyətli şəxsi tərəfindən həyata keçiriləcəkdir.

İntizam prosedurunun gedişatında Ş.Soltanova gimnastika sahəsində peşəkar məşqçilik fəaliyyətini dayandırmışdır. Ş.Soltanovanın Qərarda nəzərdə tutulmuş şərtləri yerinə yetirmədən AGF tərəfindən tanınan idman klubunda və ya təşkilatında fəaliyyətə yenidən başlaması müəyyən edildiyi halda, qeyd olunan şərtlər tam yerinə yetirilənədək Ş.Soltanovanın AGF tərəfindən təşkil edilən rəsmi yarışlarda, habelə AGF-nin keçirdiyi və ya tanıdığı digər tədbirlərdə iştirakının məhdudlaşdırılması nəzərdə tutulmuşdur.

Tərəflərə qəbul edilmiş Qərardan İntizam Qaydalarının 25-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayəti vermək hüquqları izah edilmişdir.