İdman

gimnastikadan

başlayır

Dörd dəfə fəxri kürsüdə 

19 iyun 2022

Dörd dəfə fəxri kürsüdə 

İyunun 15-dən 19-dək İsrailin Tel-Əviv şəhəri daha bir mötəbər idman yarışına, bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdi. İsrailin ikinci dəfə ev sahibliyi etdiyi qitə çempionatında tamaşaçılar 39 ölkədən 286 gimnastın biri-birindən maraqlı və gərgin mübarizəsinin şahidi oldular. İdmançılarımızın böyük məsuliyyət və həyəcanla hazırlaşdığı bu mötəbər yarış Azərbaycan komandası üçün 4 bürünc medalla yadda qaldı. Xəbər verdiyimiz kimi, komandamızın aktivinə ilk  medalı gənclər arasında Kamila Qafarova yazdırdı. Hakimlərdən 28.550 xal alan idmançımız özünəinamlı çıxışı ilə gürzlərlə hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşdı. Yarışın növbəti günü qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri bizə daha bir medal sevinci yaşatdılar. Belə ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük yarışlarında bürünc medal qazandı. Gimnastlarımız yarışın sonuncu günündə də uğurlu çıxış nümayiş etdirdilər. Qrup komandamız ölkəmizin medal kolleksiyasına daha iki medal əlavə etdi. Təmsilçilərimiz ayrı-ayrı alətlər üzrə keçirilən final yarışlarında həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətlərin icrasında bürünc medal qazanmağa müvəffəq oldular. 
Fərdi növdə ölkəmizi təmsil edən yığma komandamızın təcrübəli üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova finalda özünəinamlı, dəqiq çıxış nümayiş etdirsələr də, təəssüf ki, hakimlərdən aldıqları xallar mükafatçılar sırasına düşmək üçün yetərli olmadı. Zöhrə Ağamirova finalda gürzlərlə 6-cı, topla 8-ci pillədə qərarlaşdı. Arzu Cəlilova isə həlledici mərhələdə lentlə çıxışını 8-ci pillədə başa vurdu.