İdman

gimnastikadan

başlayır

YENİ İL YUXUSU ADLI ŞOU

27 dekabr 2015

YENİ İL YUXUSU ADLI ŞOU

Yeni İl bir çoxumuzun uşaqlıq çağlarından sevimli bayramıdır, çünki, o, hətta yetkin insan olduğumuzda belə bizi tərk etməyən əfsanəvi xəyallarımızı təcəssüm etdirir. Bunu bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi, “Yeni İl Yuxusu” adlı bayram şousunun müəllifi və səhnə quruluşçusu Mariana Vasileva çox yaxşı dərk edir.

Dünən, 7 gimnastika növü üzrə yığma komandaları üzvlərinin iştirak etdiyi ənənəvi bayram şousunun baş tutduğu Milli Gimnastika Arenasının dolu zalında nəinki balacaların, hətta müxtəlif nəsl nümayəndələrinin uşaqların sevimli qəhrəmanlarının kostyumlarını geyinmiş nağıl multiplikasiya personajlarını necə sevinclə izlədiyini görməmək mümkün deyildi.

Bədii gimnastika xalçasının üzərində hadisələr bütün şou boyunca valehedici gimnastika aləminə daxil olub öz sevimli pərisi Dzin-dzini görməyə çalışan sirrli personaj Piter Pen ətrafında inkişaf edidri. Milli Gimnastika Arenasında isə onu cəsur samuraylar, Rioda həyat sürən tutuquşuları, dəniz quldurları, Madaqaskar adasının sakinləri və Vəhşi Qərbin kovboyları qarşıladı. Onlar öz bacarıqlarını nümayiş etdirmək üçün gah kişi və qadın gimnastikası üzrə alətlərin üzərinə dırmaşır, gah batut üzərində uçuş hissinə qapılır, gah da akrobatik tryuklar, tamblinq çığırında məharətlərini və bədii gimnastika alətlərini necə ustalıqla idarə etdiklərini göstərirdilər... Bütün bunlar böyük artistlik qabiliyyətilə, böyük şövqlə, gimnastikaya, bütün ətrafa, və, əlbəttə ki, tamaşaçılara böyük məhəbbətlə ifa olunurdu. Baş məşqçilər, gimnastlar elə rola girmişdilər ki, tamaşaçı tribunalarından onların məşhur teatr aktyorları olmadığına, peşəkar idmançı, mütəxəssis olduqlarına inanmaq mümkün deyildi. Buna inanmağa isə rolları ifa edən yığma komandaların Baş məşqçiləri, Azərbaycan gimnastikasında məşhur olan - Mariana Vasileva (bədii gimnastika – pəri), Nina Pravdina (qadın idman gimnastikası, samuraylar dəstəsinin başçısı panda Kunq-fu), Vladimir Şulikin (batut gimnastikası – Rio sakini), İradə Qurbanovanın (akrobatika gimnastikası - Madaqaskar qəhrəmanı – Qloriya) adları kömək edir.

Bütün tamaşa boyunca bir çox çətinliklərdən keçən Piter Pen (Kamil Quliyev – xoreoqraf), sehrli gimnastika aləminə daxil olmaq üçün Söyüd nənədən açarları əldə edir, və, nəhayət, öz sevimli pərisi Dzin-dzini (Ayşən Bayramova – bədii gimnast) görür. Şounun sonuna yaxın tamaşaçılar, uca arena qübbəsindən bədii gimnastikanın zərifliyini nümayiş etdirməklə bu gimnastika növünün ulduzu Marina Durundanın öz sevimli xalçasına enməsini böyük həyəcanla izlədilər. Sonda isə, tamaşaçılar elə həmin qübbədən onlara sarı yönələn uçan şarlar bayramına qərq oldular.

Şounun əsas məğzi nəinki gimnastika ailəsinin üzvlərinə, həmçinin tamaşaçılara, gimnastika həvəskarlarına, xüsusilə sevimli uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etməklə bütün 6 gimnastika yarış növlərinin mahiyyəti və gözəlliyini 7-ci qeyri-yarış növü olan gimnastika hamı üçün adı altında birləşdirərək nümayiş etdirməkdən ibarət idi.

Bu şounu izlədikdən, dünənki ab-havanı hiss etdikdən sonra elə bir qənaətə gəlirsən ki, gimnastikanın ölkədəki bügünkü uğuru hər bir üzvünün gözəlliyə qiymət verən, nəinki bilavasitə öz işlərinə, hətta üzərilərinə götürdükləri hər bir işə böyük məsuliyyətlə yanaşan böyük bir gimnastika ailəsinin bəhrəsidir, ən əsası – başda gözəlliyin, incəsənətin, idmanın və sağlam həyat tərzinin xüsusilə qiymətini bilən Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyeva olmaqla səmimi bir ailə.