İdman

gimnastikadan

başlayır

Dünya kubokunda AGF-nin yenidən qurulmasının 20-ci ildönümünə həsr olunmuş yubiley nişanı və videoçarx nümayiş etdirilib

01 aprel 2022

Dünya kubokunda AGF-nin yenidən qurulmasının 20-ci ildönümünə həsr olunmuş yubiley nişanı və videoçarx nümayiş etdirilib

Dünən paytaxtımızda start götürən Kişi və Qadın İdman Gimnastikası üzrə Dünya Kuboku davam edir. 
Yarışların ikinci günündə kişi idmançılar dayaqlı tullanma, dəstəli at, turnik, qadın gimnastlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə qüvvələrini sınayıblar.  
Bugünkü yarışlarda Azərbaycan təmsilçiləri Samirə Qəhrəmanova və Milana Minakovskaya sərbəst hərəkətlərdə və gimnastika tirində proqramlarını təqdim ediblər. İvan Tixonov isə dayaqlı tullanma, dəstəli at, turnik hərəkətlərində qüvvəsini sınayıb. 
Sabah təmsilçilərimiz İvan Tixonov paralel qollarda, Nikita Simonov isə halqa üzrə hərəkətlərdə finalda mübarizə aparacaq. 
Xatırladaq ki, dünən İvan Tixonov 13.933 xalla  8-ci pillədə qərarlaşaraq finala vəsiqə qazanmışdı. Nikita Simonov isə halqa ilə hərəkətlərdə 14.266 xalla 6-cı pillədə qərarlaşaraq həlledici mərhələyə adlamışdı. 
Qeyd edək ki, bu il oktyabrın 7-də AGF-nin yenidən qurulmasının 20 ili tamam olur. 
Yarışlar zamanı yarış iştirakçılarına və tamaşaçılara Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20-ci ildönümünə həsr olunmuş yubiley nişanı və Azərbaycan gimnastikasının nailiyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
AGF-nin korporativ üslubuna uyğun hazırlanan yubiley nişanında  bədii gimnastika aləti olan lentin “sıfır” rəqəmi işarəsi formasında olması ideyasından istifadə edilib. Burada qeyd olunan “20 il inkişafda” yazıları AGF-nin 20 il ərzindəki uğur hekayəsini əks etdirir.  
Videoçarx ölkəmizin Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi 20 ilik müddət ərzində gimnastika sahəsində əldə olunan uğurlu inkişafdan və qazanılan yüksək nailiyyətlərdən bəhs edir. 
Xüsusi olaraq vurğulamaq istərdik ki, məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən uğurlu və səmərəli fəaliyyət nəticəsində Azərbaycanda idmanın bu növünün inkişaf mərhələsi başlayıb, beynəlxalq əlaqələr qurulub, yüksək nailiyyətlər qazanılıb, federasiya bütün tədbirlər üzrə dünyada ən fəal quruma çevrilib.