İdman

gimnastikadan

başlayır

Dünya kubokundan bürünc medal

05 oktyabr 2026

Dünya kubokundan bürünc medal

4 və 5 oktyabr tarixlərində İtaliyanın Riççone şəhərində batut gimnastikası üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil ediblər.

Fərdi proqramda Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov, qarışıq sinxron proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, kişilər arasında sinxron proqramda isə Maqsud Mahsudov və Hüseyn Abbasov mübarizə aparıblar.

Kişilər arasında sinxron proqramda çıxış edən Maqsud Mahsudov və Hüseyn Abbasov final mərhələsində 52.470 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və bürünc medal qazanıblar.

Fərdi proqramın təsnifat mərhələsində Selcan Mahsudova 56.700 xal toplayaraq 2-ci yeri tutub və yarımfinala vəsiqə qazanıb. Gimnastımız yarımfinal mərhələsində 12.300 xalla 16-cı olub.

Maqsud Mahsudov fərdi proqramın təsnifat mərhələsində 61.300 xal toplayaraq 10-cu yeri tutub və yarımfinala yüksəlib. O, yarımfinal mərhələsində 24.700 xal toplayaraq 21-ci pillədə yer alıb.

Hüseyn Abbasov isə fərdi proqramın təsnifat mərhələsində 58.300 xalla 31-ci yerdə yarışı başa vurub.

Qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov 14.900 xal toplayaraq yarışı 16-cı pillədə tamamlayıblar.