17 mart 2014
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, Bakıda keçiriləcək Avropa Çempionatının iştirakçısı M. Durunda halqa ilə finalda 17.6 xal toplamaqla, onun ardınca gələn Ukrayna və Rusiyadan olan əsas rəqiblərinə fürsət belə verməmişdir. Son dərəcə mürəkkəb proqram, parlaq çıxış geyimi, hakimlərin yüksək qiymətləri və tamaşaçıların alqışları sonda macar arenasında bir ahənglik təşkil edərək, bayrağımızın yüksəlməsi və Dövlət Himnimizin səslənməsi ilə nəticələnmişdir.
İkinici dəfə isə Ü. Hacıbəylinin möhtəşəm əsərinin akkordları, fərdi birincilikdən fərqli olaraq 6 gimnastımız üçün səsləndi. Belə ki, qrup hərəkətləri komandamız 1 həftə öncə olduğu kimi qələbə qazandılar, lakin bu dəfə bu nailiyyət çoxnövçülükdə əldə olundu. 3 top və 2 lentlə çıxışlarına görə isə Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva 3-cü yerə layiq görüldü.
Yeniyetmə gimnastlarımız da şəhərimizdə təşkil olunacaq Avropa çempionatına hazırlaşırlar. Belə ki, Jalə Piriyeva və Züleyxa İsmayılova Dünya Kuboku ilə eyni vaxtda keçirilən beynəlxalq turnirdə komanda hesabında bürünc medal əldə etdilər. Bundan əlavə, Jalə və Züleyxanın aktivində müvafiq olaraq halqa və gürzlərlə hərəkətlərinə görə bürünc medal da vardır.
- Yarışlarda Marina Durunda ilə bərabər mübarizə aparan və ilk dəfə olaraq Dünya Kuboku mərhələsində finalçılar sırasına daxil olan Nilufər Niftalıyevanı da qeyd etmək istərdim. Onun 7-ci yer qazanması mütəxəssis olaraq bizim üçün və həmçinin gimnastın özü üçün də böyük əhəməyyət kəsb edir, - deyə bədii gimnastika üzrə yığma komandanın Baş məşqçisi Mariana Vasileva bildirdi. - "İyun ayında keçiriləcək Avropa çempionatında iştirak edəcək yığma komandaya daxil olmaq iddiasında olan Gülsüm Şəfizadə və yeniyetmə gimnast Beyza Dəmirin əldə etdikləri uğurlar da diqqətə layiqdir . Gülsüm Kaledə (Fransa) keçirilən beynəlxalq turnirdə 4 finaldan dördündə də qalib gəlmiş və çoxnövçülükdə isə 2-ci yerdə qərarlaşmışdır. Beyza isə lentlə hərkətlərdə 1-ci yerə layiq görülmüşdür. Bundan sonra isə hər kəsin sevdiyi Novruz Bayramı günlərində Ştutqarta yollanacağıq. Almaniyanın bu şəhərində Dünya Kubokunun növbəti mərhələsi keçiriləcək və ümid edirəm ki, bayram əhval-ruhiyyəli Bakıya, biz də bayram əhval-ruhiyyəsində qayıdacağıq."
Eyni zamanda qərbi Almaniya şəhərciyi Kottbusda 4 təmsilçimizin iştirak etdiyi idman gimnastikası üzrə B kateqoriyalı Dünya Kuboku yekunlaşıb. May ayında Sofiyada keçiriləcək Avropa Çempionatı ərəfəsində mükafatçılar sırasında olmasa da, Marina Nekrasovanın 6-cı yer qazanaraq, cəmi 0.7 xalla bürünc mükafatdan uzaq düşməsi, gimnastın potensialı və məşqçil heyətinin daha çox səylə çalışacağından xəbər verir.