21 oktyabr 2013
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Desioda (İtaliya) A1 seriya klubları arasında ənənəvi İtaliya çempionatı start götürüb.
Marina Durundanın çıxış etdiyi "Armonia di Abrutsso" klubu (Kyeti) hesabat turun qalibi olub. Bu qələbədə Azərbaycandan olan gimnastın çıxışı həlledici amil olub. Belə ki, Durunda topla hərəkətdə görə 17.8 bal toplayıb. Bu, komanda yoldaşları arasında ən yüksək, çempionatda isə ikinci nəticə olub. "Armonia di Abrutsso" klubu cəmi 98.35 bal toplayıb və hesabında 25 xal var. Klub "Gimnastika"nı (San-Corcio) 3 xal qabaqlayır. Bu komandanı isə arxasınca Ukraynadan olan dünya çempionu Qanna Rizatdinova aparır. İkinci tur noyabrın 2-də Aretsso şəhərcəyində baş tutacaq.
Komanda yoldaşından fərqli olaraq, Lalə Yusifova hər dörd alətlə çıxış edib. O, Berlində Qran-prinin yekun mərhələsində gürzlərlə finalda bürünc medal qazanıb. Lalə hakimlərdən 17.15 bal alıb və iki rusiyalı gimnast Darya Svatkovskaya və Marqarita Mamundan geri qalıb. Yeri gəlmişkən, sonuncu Qran-prinin mütləq qalibi olub. Top və lentlə finallarda Yusifova 4-cü, halqa və çoxnövçülükdə isə 6-cı olub.
Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, Avropa auditoriyası Lalə və Marinanı çox gözəl qəbul edib: "Onlar getdikcə yaxşı və özünlərinə əmin çıxış edirlər. Bir çox mütəxəssislər isə gimnastlarımız barədə yaxşı fikirdədirlər. Artıq bu həftə Yusifova və Durunda, həmçinin gənc gimnast Jalə Piriyeva "Neftçi"nin tərkibində Tokioda klub çempionatında iştirak edəcəklər".