17 mart 2022
Martın 16-sı və 17-də Milli Gimnastika Arenasında gimnastikanın ən zərif nümayəndələri - bədii gimnastlar xalça üzərinə çıxdılar.
Yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı qalib adı uğrunda yarışdı.
İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar yarışları izləmək imkanı qazandılar. Əlbəttə ki, azarkeşlərin alqış sədaları altında çıxış etmək gimnastlarımız üçün həm sevindirici oldu, həm də məsuliyyətli. Gimnastlarımız həm çoxnövçülük, həm də ayrı-ayrı növlərdə maraqlı, ecazkar və özünəinamlı çıxışları ilə yadda qaldılar.
Yarışların ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışında qaliblər müəyyənləşdi. 2007-2009-cu illər təvəllüdlü gənc gimnastların mübarizəsində Mədinə Dəmirova bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu oldu. Gövhər İbrahimova gümüş, Məryəm Əliyeva isə bürünc medal qazandı. Böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qrupunda çoxnövçülük yarışında uğurla çıxış edən “Tokio-2020” Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Azərbaycan çempionu oldu. Arzu Cəlilova gümüş, İlona Zeynalova isə bürünc medala sahib çıxdı.
Martın 17-də isə top, halqa, gürzlər, lentlə çıxışlara görə Azərbaycan çempionları bəlli oldu.
Yarışların nəticələri barədə ətraflı məlumatı www.agf.az saytında əldə bilərsiniz.