İdman

gimnastikadan

başlayır

Eyni turnirdə Azərbaycan himni idmançılarımızın şərəfinə 7 dəfə səsləndirilib

15 iyul 2024

Eyni turnirdə Azərbaycan himni idmançılarımızın şərəfinə 7 dəfə səsləndirilib

 

Gimnastlarımız 11-13 iyul tarixlərində Portuqaliyanın Santarem şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə keçirilən “Scalabis Cup” adlı beynəlxalq yarışda iştirak edib. Əliyev Tofiq, Qurbanov Bilal, Hacızadə Adil və Karataşov Aleksey tamblinq, Niftəliyev Əli, Baxşalıyev Ammar, Şabanova Ayan, Hüseynova Samirə, Mirzəyev Nicat, Mustafazadə İbrahim, Mustafayev Fərhad batut gimnastikası üzrə bacarıqlarını nümayiş etdiriblər. Batut gimnastikasının təmsilçiləri olan Qasımlı Ömər, Vəliyev Fərhad və Abbasov Hüseyn isə həm də ikili mini-batut üzərində özünü sınayıb.

Tamblinqçilərimiz 3 qızıl və 1 gümüş medalla yarışı başa vurublar. Hacızadə Adil (29.500) və Karataşov Aleksey (97.000) hər biri aktivlərinə 1 qızıl medal yazdırmağı bacarıblar. Əliyev Tofiq (29.100) isə sıralamanın 2-ci pilləsində yer alaraq gümüş medalla təltif edilib. Həmçinin Əliyev Tofiq, Hacızadə Adil və Qurbanov Bilal komanda hesabında qalib olaraq ölkəmizə daha bir qızıl medal qazandırmağa müvəffəq olublar.

Batut yarışlarında da millimizin üzvləri gözləntiləri doğruldub. Belə ki, Abbasov Hüseyn (53.700), Baxşalıyev Ammar (51.230), Qasımlı Ömər (47.120) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Gimnastımız Niftəliyev Əlinin final nəticəsi (53.090) onu gümüş medala aparıb. Mirzəyev Nicat isə hakimlərdən topladığı 52.690 xalla bürünc medalın sahibi olub. Həmçinin Mustafazadə İbrahim, Niftəliyev Əli və Vəliyev Fərhad komanda hesabında 3-cü yeri tutublar. Beləliklə, batut yarışlarından təmsilçilərimiz 3-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla, ümumilikdə, 6 medal əldə ediblər.

İkili mini-batut üzrə çıxışlarda da millimiz uğur qazanıb. Gimnastımız Abbasov Hüseyn final oyunlarını 25.200 xalla başa vuraraq ölkəmizə daha bir qızıl medal qazandırıb.

Ümumilikdə, ölkəmiz beynəlxalq turnirdən 11 medalla ayrılıb və milli komandamızın üzvləri 7 dəfə himnimizi səsləndirməyə müvəffəq olublar.

Həftəsonu daha bir gimnastika növü üzrə baş tutan beynəlxalq yarışda – bədii gimnastika üzrə “Challenge” seriyasına aid FIG dünya kubokunda təmsilçilərimiz çıxış edib. 12-14 iyul tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində baş tutan kubokda böyük fərdi gimnastlar Ağamirova Zöhrə və Zeynalova İlona mübarizə aparıblar. Ağamirova ən yaxşı nəticəni halqa (31.200), Zeynalova isə topla (29.900) hərəkətlərdə əldə edib.

Bu həftəsonu gimnastika ictimaiyyətinin diqqətini özündə cəmləyən daha bir tədbir isə Norveçin Bodo şəhərində baş tutub. Belə ki, 13 iyul tarixində “Gimnastika hamı üçün” növü üzrə həyat naminə 4-cü Avropa Gimnastikası “Challenge”i keçirilib. “Challenge”də milli komandamızın üzvləri Samirə Səfərli, Abid Aslanov, Ləman Zeynalzadə, Aygül Babaşova, Nurcahan Əliyeva, Fidan Bədəlova, Milena Hümbətova, Aygün İsmayılova, Rəna Fətəliyeva, Sehri Teymurzadə, Maria Koleva, Tahirə Abuşova, Daria Kşnyakina, Səkina Əskərova, Tahirə Abuşova və Məryəm Həsənova çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri olan "Moonlight" komandasının üzvləri 60 komanda arasında 3-cü yerə layiq görülüb və bürünc medalla təltif ediliblər.