İdman

gimnastikadan

başlayır

Əzmkarlıq və qələbə ruhunun vəhdəti

08 oktyabr 2023

Əzmkarlıq və qələbə ruhunun vəhdəti

Bu dəfə Bakı Olimpiya İdman Kompleksində yerli yarış həyəcanı yaşandı. Kompleks bədii gimnastika üzrə 28-ci Bakı çempionatında paytaxtın ən güclülərini bir araya topladı. Yarışda "Ocaq Sport" Klubu (Bakı və Hövsan bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Zabrat, Şağan Olimpiya İdman Kompleksini təmsil edən 110 idmançı çempionluq uğrunda mübarizəyə qoşuldu.
Güc və əzmin vəhdətini nümayiş etdirən, zövqlü musiqi sədaları altında icra olunan biri-birindən maraqlı kompozisiyalar zala toplaşmış tamaşaçıların böyük marağına səbəb oldu. Balacalar (2013, 2014, 2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında mübarizə aparan gimnastlar zərif, eyni zamanda çətin elementlərlə zəngin proqram nümayiş etdirərək, azarkeşlərin qəlbinə yol tapmağı bacardırlar. Sirr deyil ki, bu gün Bakı xalçasında qələbə ruhu nümayiş etdirən kiçikyaşlı gimnastlar sabah beynəlxalq arenalarda öz sözünü deyəcək peşəkar idmançılara çevriləcəklər.   
Üç gün davam edən yarışda qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşdi.
Yarışın yekun nəticələri ilə agf.az saytında tanış ola bilərsiniz.