19 oktyabr 2015
Bu həftə sonu “Ocaq” idman klubunun gənc təmsilçiləri Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq turnirdə ilk dəfə olaraq çıxış etdilər.
Ülkər Hüseynova, Fatimə Əkbərova, Güllü Ağalarzadə, Məryəm Səfərova, Narın Qurbanovadan ibarət yeniyetmə proqramı ilə çıxış edən qrup hərəkətləri komandası 15 qrup arasında yarışların qalibi oldu.
Fərdi proqramda mübarizə aparan gimnastlar qrup komandasından nümunə götürərək Plovdiv Universitetinin idman zalının xalçası üzərində payız fəslinin medal yağışını daha da gücləndirdilər.
İkinci və üçüncü “qızılı” balacalar kateqoriyasına daxil olan Nərmin Bayramova (2005-ci il təvəllüdlü) qazandı. O, çoxnövçülükdə və topla hərəkətlərdə 1-ci yerə layiq görüldü. Elə bu yaş kateqoriyasında medal yağışının gümüş damcısı alətsiz çıxışa görə gimnast Kamilla Əliyevanın (2006-cı il) üzərinə düşdü. Ən gənc təmsilçi Alina Məmmədova (2007-ci il) isə çoxnövçülükdə 9-cu yerlə kifayətləndi.
Sonra fərdi idmançılar arasında bu zərif mübarizəyə daha böyük yaş kateqoriyasına aid olan yeniyetmə gimnastlar qoşuldular. Halqa ilə 1-ci yerə, həm fərdi çıxışda, həm də qrup komandasının tərkibində uğurla öz gücünü sınayan Narın Qurbanova (2003-cü il) layiq görüldü. Alətsiz çıxış isə Fəridə Şəfiyarzadəyə (2004-cü il) bürünc medal gətirdi.
Gənc kateqoriyaya daxil olan gimnast Zöhrə Ağamirova (2001-ci il) ip və halqa ilə hərəkətlərə görə 2 gümüş medal əldə etdi. Onun yaşıdı Ayna Cəfərova isə topla çıxışından sonra altıncı oldu.
“Ocaq” klubunun təmsilçiləri “Ən Yüksək Artistlik Bacarığı” nominasiyasında mükafata da sahib çıxdı. Bü mükafat yarışların təşkilatçıları tərəfindən Eleonora Yusifovaya (2004-cü il) təqdim olundu.