İdman

gimnastikadan

başlayır

Fərid Qayıbov Baş katib vəzifəsindən istefa verib

07 dekabr 2017

Fərid Qayıbov Baş katib vəzifəsindən istefa verib
Xəbər verdiyimiz kimi, 2017-ci il 1-2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresi keçirilib. 
 
Konqres çərçivəsində baş tutan prezident seçkilərində Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş katibi Fərid Qayıbov həmin quruma prezident seçilmişdir.
 
Yeni vəzifə ilə əlaqədar olaraq, AGF və UEG arasında maraqların toqquşmaması baxımından F. Qayıbov AGF-nin İcra Komitəsinə Baş katib vəzifəsindən azad olunması ilə bağlı müraciət edib.
 
“UEG-yə 8 gimnastika növü daxildir. Bu növlərin hər biri üzrə Avropa Çempionatları, festivallar, eləcə də qurumun öz iclaslarını idarə etmək artıq mənim öhdəliyimə düşür. Böyük iş həcmini nəzərə alsaq, qarşımda duran bu strategiyanı yerinə yetirə bilməyim üçün, özümü tamamilə Avropaya həsr etməliyəm. Bundan əlavə, Beynəlxalq Gimnastika Federasiyasının iclaslarında da tez-tez iştirak edəcəyəm. Göründüyü kimi, bu günə qədər federasiyada icra etdiyim yetəri qədər məsuliyyətli olan Baş katib vəzifəsini davam etdirməyim vaxt baxımından da mümkün deyil”, deyə F. Qayıbov bildirib.
 
Qeyd edək ki, yaxın günlərdə keçirilməsi nəzərdə tutulmuş AGF-nin İcra Komitəsinin iclasında federasiyanın yeni Baş katibinin adı açıqlanacaq. Həmin günə qədər isə bu vəzifəni  F. Qayıbov özü icra edəcək.
 
Xatırladaq ki, F. Qayıbov 2013-cü ildə UEG-yə vitse-prezident seçilmiş və son 4 il ərzində həmin vəzifəni icra etmişdir. Növbəti 4 il ərzində isə o, fəaliyyətinə 8 gimnastika növü daxil olan bu quruma rəhbərlik edəcək və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü olacaqdır.