10 fevral 2025
Bakıda keçiriləcək Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku 2025-ci ildə bu idman növlərinin nümayəndələri üçün ilk ciddi sınaq olacaq. Yarışda 16 ölkənin idmançıları iştirak edəcək. Azərbaycan milli komandası hər iki gimnastika növü üzrə təmsil olunacaq.
Batut gimnastikası üzrə yarışlarda Azərbaycanı Selcan Mahsudova, Əli Niftəliyev, Mehdi Əliyev, Şəfiqə Hümbətova və Nicat Mirzəyev təmsil edəcək. Yarışlar çərçivəsində ilk dəfə sinxron proqramda qarışıq cütlüklər çıxış edəcək və bu tarixi an Milli Gimnastika Arenasında baş tutacaq. Selcan Mahsudova və Əli Niftəliyev sinxron proqramda qarışıq cütlük şəklində çıxış edəcək. Selcan artıq kifayət qədər təcrübəyə malikdir - o, Paris Yay Olimpiya Oyunlarında iştirak edərək ölkəmizi Olimpiadada batut gimnastikası üzrə təmsil edən ilk qadın idmançı olub. Qarışıq cütlüklər arasında Şəfiqə Hümbətova və Nicat Mirzəyev də çıxış edəcəklər.
Dünya kubokunda bir çox tanınmış idmançılar mübarizə aparacaqlar. Onların arasında ikiqat Olimpiya çempionu, ikiqat Dünya çempionu və Avropa çempionatının qalibi olan, yarışda neytral bayraq altında çıxış edəcək belaruslu İvan Litvinoviçi xüsusi qeyd etmək olar. Bakıya, həmçinin Paris Olimpiadasının gümüş mükafatçısı, belaruslu Violetta Bordilovskaya və həmin Olimpiadada iştirak etmiş rusiyalı Anjela Blaqeva gələcək. O da turnirdə neytral bayraq altında çıxış edəcək.
Əsas favoritlər sırasında Yaponiyanın həm kişi, həm də qadın idmançılarının adını çəkmək olar. Bu komandanın heyətində altıqat Dünya çempionu Hikarü Mori var. Həmçinin, Birmingemdə keçirilən Dünya çempionatında bürünc medal qazanan Ryusei Nişioka da Bakıda çıxış edəcək. Yaponiyanın digər idmançıları arasında Yusei Matsumoto, Hayato Miano, Daiki Kişi, Saki Tanaka, Ena Sakurayi və Kiko Tanaka yer alır.
Tamblinq yarışlarında Azərbaycanı Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev və Aleksey Karataşov təmsil edəcəklər. Tofiq Əliyev və Adil Hacızadə Dünya və Avropa çempionatlarının komanda hesabında qalibləri olduqları üçün yarışın əsas favoritlərindəndir. Təəssüf ki, yığmanın aparıcı üzvlərindən biri, Dünya çempionu Mixail Malkin zədə səbəbindən turnirdə iştirak edə bilməyəcək. Bununla belə, gənc idmançılar Hüseyn Əsədullayev və Aleksey Karataşov öz bacarıqlarını nümayiş etdirmək və favoritlərə rəqib olmaq üçün mübarizə aparacaqlar.
Medal uğrunda mübarizəçilər arasında ABŞ təmsilçiləri də var. ABŞ komandasının tərkibində təcrübəli idmançılar – Xavyer Harper, Ceyms-Aleksandr Pelezo, Beyli Mensa və Amar Yoker yer alır. Təəssüf ki, Bakıda artıq qalib olmuş məşhur amerikalı idmançı Keyden Braun bu dəfə yarışda iştirak etməyəcək. Onun medal uğrunda mübarizəsini izləmək tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanır.
Turnirdə, həmçinin Ukrayna, Qazaxıstan və Əlcəzair idmançıları da iştirak edəcəklər. Qarşıda gərgin və maraqlı mübarizə bizi gözləyir. Buna görə də, hər kəs yenidən paytaxtımızda baş tutacaq bu idman hadisəsini izləmək üçün səbirsizlənir.