06 fevral 2017
Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları start götürüb. Kurslar fevralın 6-dan 9-dək davam edəcək.
Açılış mərasimində çıxış edən FIG idman gimnastikası üzrə texniki komitənin prezidenti Stiv Butçer kurs iştirakçılarını salamlayıb, təşkilat komitəsinin üzvlərini təqdim edib və tədbirin təşkilatçılığına görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.
O deyib: “Azərbaycan, demək olar ki, FIG tarixində təşkilatın bütün tədbirlərini və fəaliyyətini dəstəkləyən əsas ölkələrdən biridir. Öz mükəmməl işinizi davam etdirin. Kursların təşkilinə görə təşəkkür edirəm. Əminəm ki, bizim ümidlərimiz doğrulacaq, çünki Azərbaycanda tədbirləri necə keçirtmək lazım olduğunu bilirlər”.
Daha sonra açılışda Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov çıxış edib. Kurs iştirakçılarını salamladıqdan sonra o, hər kəsə uğurlar arzulayıb və kursların müvəffəqiyyətlə keçəcəyindən əminliyini vurğulayıb.
F.Qayıbov deyib: “Bu kurslar Azərbaycanda ikinci dəfədir ki, keçirilir. İlk dəfə belə kurslar 2007-ci ildə keçirilmişdi. Bir müddət öncə isə biz FIG-nin bədii gimnastika üzrə qitələrarası və beynəlxalq hakimlik kurslarını uğurla başa vurduq. Bu kurslardan da eyni nəticəni gözləyir və hər birinizə uğurlar arzu edirik”.
Daha sonra iştirakçıların adları yoxlanılaraq, seminara start verildi.
Qeyd edək ki, kurslarda 17 federasiyadan 62 hakim iştirak edir. Azərbaycanı kurslarda Uğur Xəlilbəyli, Xəlil Hüseynov, Zaur Dadaşov, Nizami Abbasov, Əhməd Ağayev və Şakir Şıxəliyev təmsil edir.
“Trend” İnformasiya Agentliyi, 6 fevral 2017-ci il