İdman

gimnastikadan

başlayır

Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürdü

15 fevral 2020

Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürdü

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku artıq start götürüb.

2 gün davam edəcək yarışda 30 ölkənin 150-dək gimnastı mübarizə aprır. Builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Mahsudova (batut gimnastikasında fərdi proqram) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

Proqrama əsasən, bu gün saat 10:00-da tamblinq üzrə kişilərin, saat 10:50-də qadınların təsnifat yarışları başlanacaq. Saat 11:40-da isə batutçu kişi və qadınların fərdi təsnifat yarışları start götürəcək. Saat 18:30-dan etibarən batutçu kişi və qadın sinxron cütlüklərin təsnifat yarışları keçiriləcək.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/) əks olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.