İdman

gimnastikadan

başlayır

ÇOXNÖVÇÜLÜKDƏ İLK MEDAL!

16 aprel 2010

ÇOXNÖVÇÜLÜKDƏ İLK MEDAL!

Aliyə Qarayeva Almaniyanın Bremen şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çoxnövçülükdə bürünc medal qazanıb!

Qarayeva dörd hərəkətin yekununda 111.375 bal toplayıb və mütləq hesabda üçüncü yer tutub. Aliyənin ayrı-ayrı nəticələri: iplə - 27.925 bal; halqa ilə - 27.8 bal; topla - 27.9; lentlə - 27.75 bal. Qarayeva topla 30 bala yaxın, ümumilikdə isə 115.9 bal toplamış Rusiya gimnastları Yevgeniya Kanayeva və 113.725 bal toplamış Darya Kondakovadan geri qalıb.

Azərbaycan tarixində Avropa Çempionatının çoxnövçülüyündə bu, qazanılmış ilk medaldır!

Mükafatlandırma mərasimindən sonra Azərbaycan gimnastı öz sevincini bölüşüb.

"Mən çox xoşbəxtəm və hər kəsə minnətdaram. Bu, bütün Azərbaycanın, mənə azarkeşlik edən hər kəsin uğurudur. Bu uğura mənimlə birlikdə addımlayan öz məşqçilərimə minnətdaram. Ümid edirəm, bizim yeniyetmələr və qrup komandalarımız da uğurla çıxış edəcəklər. Feredasiyaya, federasiyanın prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü bildirirəm, onsuz bugünkü uğura nail ola bilməzdik", - Qarayeva deyib.

Digər təmsilçimiz Zeynəb Cavadlı 19-cu yer tutub (97.25 bal).

****

Almaniyanın Bremen şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk günü yeniyetmələrin ip və halqa ilə ayrı-ayrı finalı başa çatıb.

Azərbaycan təmsilçiləri hər iki finala keçib. Lalə Yusifova halqa ilə 25.125 bal toplayıb və 4-cü yer tutub. Ayşə Mustafayevanın iplə çıxışı 24.55 balla qiymətləndirilib və 5-ci mövqedə qərarlaşıb.

Hər iki halda Rusiya idmançıları - müvafiq olaraq Valeriya Tkaçenko və Aleksandra Merkulova qələbə qazanıb.

****

Azərbaycan yığması komanda hesabında iki növündən sonra, ümumilikdə, 48.65 bal toplayıb və 32 ölkə arasında - Belarus, Rusiya, Almaniya və Ukraynadan sonra 5-ci yer tutur.

Qeyd edək ki, Bremen şəhərində Azərbaycan gimnastlarına dəstək üçün böyük sayda insan toplaşıb. Azarkeşlər həm Bakıdan, həm də Almaniyanın müxtəlif şəhərlərindən gəliblər. Bremenə, həmçinin, Azərbaycan səfirliyinin nümayəndələri də gəliblər.