29 iyul 2015
Məlum olduğu kimi, açılışı 2014-cü ilin aprel ayında baş tutan Milli Gimnastika Arenasında bütün 6 gimnastika növləri üzrə Azərbaycan yığma komandalarının məşqləri keçirilir.
Bədii gimnastika üzrə yığma komandasının məşqlərinə vaxtaşırı olaraq, dünyanın müxtəlif ölkələrinin idmançıları da qatılır. İtaliya, Latviya, Norveç, Finlandiya, Çex Respublikası, Slovakiya, Macarıstan kimi Avropa qitəsi ölkələrinin, eləcə də qonşu Türkiyənin nümayəndələri ilə yanaşı, burada həmçinin Asiya, daha dəqiq desək Qazaxıstan, Şimali Amerika qitəsinin – Kanada və Meksika, Sakit okeanın Yeni Zelandiya gimnastları da olmuşlar.
Təlim-məşq toplanışlarında bir dəfə iştirak etmiş, həm məşq prosesi, həm də tibbi-bərpaedici prosedurların həyata keçirilməsi üçün yaradılmış şəraitdən istifadə etmiş, eləcə də qonaqpərvərliyimizdən təsirlənmiş qonaqlar dəfələrlə bizim gimnastika arenasına qayıtmışlar.
Bakının bu yay günlərində zala daxil olarkən, elə düşünmək olar ki, burada növbəti beynəlxalq yarış keçirilir. Bu onunla əlaqədardır ki, sentyabr ayında Almaniyanın Ştutqart şəhərində keçiriləcək və Rio-2016 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq Dünya Çempionatına hazırlaşan bədii gimnastlarımızın gündəlik məşqinə Kanada, Yeni Zelandiya, Estoniya, Qazaxıstan, Türkiyə və ilk dəfə olaraq Afrika qitəsinin Misir yığma komandalarının gimnastları da qoşulublar.
Başda bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasileva olmaqla, yerli mütəxəssislərin tövsiyələrindən bəhrələnərək, bu gün, əcnəbi idmançılar, Azərbaycan yığma komandasının növbəti yoxlama məşq toplanışında düzəlişlər edilmiş çıxışlarını nümayiş etdirmişlər.
Bizim gimnastlara gəldikdə isə, qarşıdakı Dünya Çempionatında iştirakları planlaşdırılan, komandanın lideri Marina Durunda, gimnastlarımız Ayşən Bayramova, Gülsüm Şəfizadə, Zeynep Celep çıxış etmişlər.
Çıxışlar xarici gimnastların əfsanəvi “O olmasın, bu olsun” kinofilmindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun müsiqisi sədaları altında incə nümunəvi kompozisiya ilə sona çatdı.
Mühüm yarışlar və onlardan əvvəl gələn beynəlxalq turnirlər öncəsi keçirilməsi ənənəyə çevrilmiş yoxlama məşq toplanışını, Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidenti Altay Həsənov və İcraiyyə Komitəsinin digər üzvləri də izləmişlər.