İdman

gimnastikadan

başlayır

BİR DƏST MEDAL

25 aprel 2011

BİR DƏST MEDAL

Son istirahət günləri Minskdə və Vladimirdə keçirilən beynəlxalq turnirlərdə yeniyetmə Azərbaycan gimnastları bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, ilk şad xəbər Belarus paytaxtından gəlib. Oradakı yarışda 12 yaşlı Ləman Hacızadə və Gülsüm Şəfizadə (1998-ci il təvəllüdlü) iştirak ediblər. Topla hərəkətlərdə Hacızadəyə bərabər olan olmayıb. Bu da finalın məntiqi sonluğuna gətirib çıxarıb - mütləq liderlik və birinci yer.

Şəfizadə komanda üzrə rəfiqəsinə çata bilməyib, lakin gürzlərlə hərəkətlərdə üçüncü yer də hesaba alınır və yüksək qiymətləndirilir. Çoxnövçülükdə Ləman dördüncü nəticəni göstərib, Gülsüm isə səkkizinci yeri tutub.

Mükafatların tam dəstini tamamlamağa yalnız gümüş medal çatdırmırdı. O isə qonşu ölkədə keçirilən tamamilə başqa turnirdə qazanılıb. 10 yaşlı Leyla İbrahimova çıxışlarının yekunu üzrə ikinci nəticəni göstərib. Vladimirdəki yarışlarda iştirak edən digər Azərbaycan idmançıları 4-9-cu yerləri tutublar.

Bu arada Rusiyanın Nijni Novqorod şəhərində qrup komandaları arasında Dünya Kuboku mərhələsi keçirilib. Ayelita Xələfova, Ceyla Quliyeva, Səbinə Abbasova, Yevgeniya Jidkova, Stefani Trayanova və Anastasiya Prasolovadan ibarət komanda ikinövçülükdə altıncı yeri tutub.

Bu həftənin sonunda fərdi gimnastlar üçün Dünya Kubokunun növbəti mərhələsi Portimaoda (Portuqaliya) keçiriləcək. Orada Aliyə Qarayeva və Anna Qurbanova iştirak edəcəklər.