İdman

gimnastikadan

başlayır

Azərbaycanlı gimnastlar Daşkənddə Dünya Kuboku mərhələsinin medalçıları olublar

22 may 2012

Azərbaycanlı gimnastlar Daşkənddə Dünya Kuboku mərhələsinin medalçıları olublar

Azərbaycanlı gimnast Aliyə Qarayeva Özbəkistan paytaxtında keçirilən Dünya Kuboku mərhələsinin ikiqat gümüş mükafatçısı olub.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, milli komandanın lideri topla hərəkətlərin finalından mükafatlar qazanmağa başlayıb. Bu yarışda o 29 balla kifayət qədər yüksək nəticə göstərib. Yalnız rusiyalı gimnast Aleksandra Merkulovadan 0.1 bənd geri qalıb.

Gürzlərlə hərəkətlər üzrə finalda da Qarayeva eyni göstəricini nümayiş etdirib.

Mütəxəssislərin fikrincə, Aliyənin son nəticələrini toplayaraq güman etməyə əsas var ki, 10 gündən sonra başlayacaq Avropa çempionatında o öz yüksək adını təsdiqləmək fikrindədir.

Daşkənddə Dünya Kuboku ilə paralel keçirilən "Xoşbəxt karvan" adlı yeniyetmələrin beynəlxalq turniri də gimnastlarımıza xoşbəxtlik gətirib.

Belə ki, Nilufər Niftəliyeva da iki mükafat əldə edib. Lakin rəfiqəsindən fərli olaraq halqa və gürzlərlə hərəkətlərə görə o, bürünc medal qazanıb. Gülsüm Şəfizadə lentlə hərəkətlər üzrə 4-cü, Marina Durunda isə topla yarışda 5-ci olub.

Azərbaycanın qrup komandası da Dünya Kuboku mərhələsində dördüncü və beşinci yerlərdə fərqləniblər. Beş topla hərəkətlərə görə komanda 26.7 bal qazanaraq fəxri kürsüdən bir addım geri qalıb. Çoxnövçülük üzrə halqa və iplərlə kompozisiyadan sonra isə beşinci yeri tutub.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva gimnastlarımızın hamısının çıxışlarından razı qalıb. "Hesab edirəm ki, iyunun 1-3-də Nijni Novqorodda Avropa birinciliyinin baş məşqi uğurla keçib. Qarayeva, yeniyetmələr və qrup komandası həm öz məşqçilərinə, həm də xarici hakimlərə lazımi nəticələr göstərdilər. Hətta 26 iştirakçı arasında 11-ci yeri tutan Lalə Yusifova faktiki olaraq ən güclü idmançıların birinci onluğuna düşə bilib ki, bu da onun perspektivlərindən xəbər verir", - bolqar mütəxəssis deyib.