18 may 2010
Marbelyada (İspaniya) bədii gimnastika üzrə Qran-pri yarışı başa çatıb. Yarışda Azərbaycan gimnastları Aliyə Qarayeva və Anna Qurbanova iştirak ediblər.
Yarışın sonuncu günü ayrı-ayrı finallar keçirilib. Aliyə Qarayeva lentlə hərəkəti yerinə yetirərkən 27.55 xal toplayıb və 3-cü yeri tutub. Azərbaycan gimnastı yalnız iki rusiyalı idmançı - Yevgeniya Kanayeva və Darya Kondakova qabaqlaya bilib.
Aliyə iplə (26.375) və halqa ilə finalda 7-ci yeri tutub.
Anna Qurbanova isə finalda topla çıxış edib və nəticədə 26.45 xalla 5-ci mövqedə qərarlaşıb.
"Bir həftə bundan əvvəl komanda üzrə rəfiqəm Anna Qurbanova Fransada üçüncü oldu, bu dəfə isə növbəti «bürüncü» qazanmaq mənim növbəm idi", - Qarayeva deyib. - "Qarşıda bizi mayın 21-23-də Minskdə və iyunun 11-13-də İnsbrukda yarışlar gözləyir. Odur ki, heç bir halda arxayınlaşmaq olmaz". Qran-pri yarışının ilk günü çoxnövlülük üzrə medallar oynanılıb. Qarayeva ümumi nəticələr üzrə 107.375 xalla yeddinci, Qurbanova isə 27 iştirakçı arasında 104.725 xalla on üçüncü olub. Burada da Olimpiya çempionu Yevgeniya Kanayeva qalib gəlib. Ən yaxın çıxışlara gəldikdə, mayın 19-da Moskvada beynəlxalq bədii gimnastika üzrə "Alina-2010" festivalı keçiriləcək. Bu forumda Azərbaycanı ölkənin böyüklərdən ibarət qrup hərəkətləri üzrə komandası təmsil edəcək.