18 dekabr 2008
15-17 may 2009-cu ildə Bakıda keçiriləcək bədii gimnastika üzrə yubiley, 25-ci Avropa çempionatında iştirak etmək üçün artıq 31 ölkə ilkin ərizələrini təqdim etmişlər. Bunlar Avstriya, Belçika, Belarus, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Estoniya, Finlandiya, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Litva, Moldova, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Slovakiya, İsveç, Ukrayna, və təbii ki, Azərbaycan. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə Avropa Gimnastika İttifaqının (UEG) Lozannadakı katibliyindən məlumat vermişlər.
Onlardan 30 ölkənin gimnastı şəxsi turnirdə, Avropanın 18 komandası isə yeniyetmələrin qrup hərəkətləri üzrə yarışlarında qüvvələrini sınayacaqlar.
Hər ölkə 3 əsas və 1 ehtiyat idmançı, həmçinin qrup hərəkətləri üzrə yeniyetmə komanda ilə təmsil oluna bilər.
Avro-2009-un ilkin cədvəlində deyilir ki, çempionatın ilk iki günü (15-16 may) komanda hesabında Avropa çempionu müəyyənləşəcəkdir. Yarışların son günü isə 5 lentlə qrup hərəkətləri üzrə ən yaxşı yığma komanda və fərdi idmançılar arasında ayrı-ayrı finallarda (ip, halqa, top, lent) qaliblər müəyyən olunacaqdır.
Bakıda keçiriləcək Avro-2009 yeni olimpiya dövründə ilk mühüm yarış olacaqdır. Qitənin ən yaxşı gimnastlarının yarışları Heydər Əliyev adına İdman-Konsert kompleksinin arenasında keçiriləcəkdir.
Bakı tamaşaçısı dünya bədii gimnastika ulduzları ilə görüşmək, Pekin Olimpiadasının mükafatçıları və iştirakçılarının parlaq çıxışlarını görmək üçün unikal imkan qazanacaq, qələbə sevincini və həyəcanını yaşayacaqdır. Bu, gimnastikanın bütün həvəskarları üçün müxtəlif ölkələrin bədii gimnastika məktəblərinin yeni nailiyyətlərini: yeni proqramları, yeni elementləri görmək gözəl imkanıdır.
Bakıda keçiriləcək Avropa çempionatının rəsmi loqotipi (burada Azərbaycanın milli bayrağının rənglərindən istifadə olunmuşdur), “Hisslər tufanı” adını almışdır. Axı çempionat təkcə idman tədbiri deyil. Bakı üçün bu mühüm tədbirdir, idmançılar üçün bu, yeni “ulduzların” işıqlandığı, ümidlərin doğrulduğu yerdir. Burada uzun müddət uğrunda məşq etdiyin, gözlədiyin hadisələr baş verir. Və bu tufanda arzular, ümidlər, hisslər var.
Bakıda keçiriləcək Avropa turnirinin talismanı isə şən qəzaldır. “Gözəl” – Avro-2009-un talismanı belə adlanır – çempionat boyunca yarışın bütün iştirakçılarını müşayiət edəcək və sevindirəcəkdir.