İdman

gimnastikadan

başlayır

Gəncə Avropa çempionatına uğurla ev sahibliyi etdi

11 noyabr 2025

Gəncə Avropa çempionatına uğurla ev sahibliyi etdi

9–11 noyabr tarixlərində qədim Gəncə şəhəri aerobika gimnastikası üzrə gənclər və 15 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatına ev sahibliyi etdi.
Gəncə İdman Sarayında 3 gün davam edən yarışda 20 ölkədən 380 gimnast iştirak edərək qitə birinciliyi uğrunda mübarizə apardı. Yarışın birinci və ikinci günlərində gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramlarında təsnifat mərhələsində çıxış etdilər. Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma mərasimi baş tutdu.
Sonuncu yarış günündə isə final mərhələsində fərqlənən gimnastlar Avropa çempionu adını qazandılar.

Gəncədə ilk dəfə olaraq keçirilən bu mötəbər yarışa Avropanın müxtəlif ölkələrindən gimnastların valideynləri və yaxınları da gələrək onlara dəstək oldular. Gəncəyə gələn nümayəndə heyətləri şəhərin qədim tarixinə, gözəlliyinə, insanların qonaqpərvərliyinə və yerli mətbəxin dadlı yeməklərinə heyran qaldılar.

İştirakçılar və nümayəndə heyətləri tərəfindən Gəncə şəhərində yaradılan şərait və təşkilatçılıq yüksək qiymətləndirildi.

Beləliklə, Gəncə idman tarixində daha bir əlamətdar səhifə yazdı. Bu şəhər yalnız tarixi və mədəni irsi ilə deyil, həm də beynəlxalq idman arenalarına ev sahibliyi edən müasir və qonaqpərvər şəhər kimi yadda qaldı.

Yarışın nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: