07 avqust 2023
Avqustun 5-də Belarusun paytaxtı Minskdə start götürən ll MDB Oyunları davam etsə də, artıq bədii gimnastika üzrə yarışlara yekun vurulub. Oyunlarda 16 idman növündə ümumilikdə 177 idmançımız mübarizə aparır.
Azərbaycan nümayəndə heyətinin tərkibində ölkəmizi bədii gimnastika üzrə yığma komandamızın üzvləri, fərdi proqramda böyüklər arasında İlona Zeynalova, Kamila Qafarova , Kamilla Seyidzadə və gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova təmsil edib.
Avropa çempionatının ikiqat bürünc (çoxnövçülük, 5 top), dünya çempionatının üçqat bürünc (çoxnövçülük, 5 ip, 5 top) mükafatçıları olan qrup yığmamız bu dəfə də etimadı doğruldub.
Belə ki, yarışın ilk günü 5 iplə hərəkətlərin icrasında finala vəsiqə qazanan təmsilçilərimiz növbəti gün 5 topla həlledici mərhələyə yüksəlməklə çoxnövçülük proqramında bürünc medalı komandamız üçün təmin ediblər. Komnadamızın ayrı-alətlər üzrə də çıxışı uğurlu olub. Gimnastlarımız həm 5 top, həm də 5 iplə hərəkətlərin icrasında fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Fərdi proqramda çıxış edən bədii gimnastlarımız Kamilla Seyidzadə top və halqa, Kamila Qafarova və İlona Zeynalova isə lentlə hərəkətlərin icrasında finalda mübarizə aparıblar.
Ümumi komanda hesabında ölkəmiz fərdi proqramda çıxışların nəticəsinə əsasən 4-cü pillədə qərarlaşıb.