İdman

gimnastikadan

başlayır

Gənclərdən ibarət qrup komandamızdan bürünc het-trik

10 iyul 2023

Gənclərdən ibarət qrup komandamızdan bürünc het-trik

7-9 iyul tarixlərində dünyanın ən güclü və perspektivli gənc gimnastları Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən bədii gimnastika üzrə gənclər arasında 2-ci dünya çempionatında bir araya gəldilər.  37 ölkədən 300-dən çox gimnastın iştirakı ilə keçirilən çempionat Azərbaycan komandası üçün tarixi nailiyyətlə yekunlaşdı.  Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri, fərdi gimnastlar Şəms Ağahüseynova, Nuray Əhmədzadə, Nəzrin Abdullayeva, qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova təmsil etdi. Yarışın ikinci günü qrup hərəkətləri üzrə yığma komandamızın tarixi bürünc medalı ilə yadda qaldı. Belə ki, qrup komandamız Azərbaycan gimnastika tarixində gənclər arasında keçirilən dünya çempionatında ilk dəfə olaraq çoxnövçülük proqramında (59.400) bürünc medala layiq görüldü. Yığmamızın üzvləri bununla həm də ayrı-ayrı alətlər üzrə (5 top və 5 ip) finallara vəsiqəni özləri üçün təmin etdilər.  Çempionatın sonuncu günü keçirilən final mərhələsində də gənc gimnastlarımız bizə daha iki medal sevinci yaşatdı. Əvvəlcə 5 iplə kompozisiya nümayiş etdirən təmsilçilərimiz hakimlərdən 29.000 xal alaraq bürünc medala sahib çıxdı. 5 topla hərəkətlərin icrasında isə komandamızın üzvləri 30,150 xalla eyni uğuru təkrarlamağa nail oldu.  Fərdi birincilikdə komandamızın üzvləri Nuray Əhmədzadə lentlə 9-cu (27.350 xal), Nəzrin Abdullayeva gürzlərlə 11-ci (27.000 xal), Şəms Ağahüseynova halqa ilə 13-cü (25.700 xal) pillədə qərarlaşdı.  
Xatırladaq ki, gənclər arasında bədii gimnastika üzrə ilk dünya çempionatı 2019-cu ildə Moskvada keçirilib. Həmin yarışda bədii gimnastımız Arzu Cəlilova fərdi proqramda topla gümüş, iplə bürünc medal qazanmışdı.