İdman

gimnastikadan

başlayır

Gərgin mübarizənin “qızıl” sonluğu

11 mart 2023

Gərgin mübarizənin “qızıl” sonluğu

Ölkəmizdə keçirilən kişi və qadın idman gimnastikası üzrə Dünya kubokunun üçüncü günü Milli Gimnastika Arenasında qürurverici an yaşandı. Belə ki, finalda mübarizə aparan gimnastımız Nikita Simonov doğma divarlar arasında bayrağımızı yüksəltdi, himnimizi səsləndirdi.

Yarışın ilk günü halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsini birinci pillədə başa vuran gimnastımız finalda da eyni uğuru təkrarladı. Hakimlərdən 14.733 xal alan Nikita bir sıra güclü rəqibləri geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəldi.

Mürəkkəb hərəkətləri böyük əzmkarlıqla nümayiş etdirən Nikitanın çıxışı zalda əyləşən tamaşaçıların gur alqışları və dəstəyi ilə müşayiət olundu. İdmançımızın qələbə anı gimnastikasevərlərə duyğulu anlar yaşatdı. Belə ki, dövlət himnimiz səslənərkən zalda əyləşən bütün azarkeşlər fəxri kürsüdə dayanan gimnastımızla birgə Azərbaycan himnini sonadək uca səslə ifa etdilər.

Bugünkü final günündə həmçinin kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, qadınlar arasında isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar üzrə qaliblər də müəyyənləşdi.

Yarışda ən yüksək icra xalı toplamış gimnastlar qadınlar arasında İndoneziya təmsilçisi Rifda İrfanalutfi və kişilər arasında İtaliya təmsilçisi Nikola Bartolini “AGF Trophy” kuboku ilə təltif olundular.

Sabah keçiriləcək final yarışlarında kişi gimnastlar dayaqlı tullanma, dəstəli at və turnik, qadın gimnastlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə proqramlarını nümayiş etdirəcəklər.

Ölkəmizi final mərhələsində daha iki gimnastımız təmsil edəcək. Yığma komandamızın üzvü İvan Tixonov turnik, Nazənin Teymurova isə sərbəst hərəkətlər proqramında mübarizə aparacaqlar.

Yarışın yekun nəticələri ilə agf.az saytından tanış ola bilərsiniz.