16 fevral 2024
Fevralın 15-i və 16-da ölkəmizdə gimnastika üzrə ilin ilk milli yarışı keçirildi.
Bakı Olimpiya İdman Kompleksində keçirilən batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyində 110-dək idmançı çempionluq uğrunda mübarizə apardı.
Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbinin (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (BGM) təmsilçiləri batut üzərində öz cəsarətli və məharətli çıxışlarını nümayiş etdirdilər. Yerli idmançılarımıza Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstanın batut gimnastikası üzrə milli komandasının üzvləri, eləcə də “Şevardeni” və Batumi klublarının (Gürcüstan) gimnastları da qoşuldular. Bu isə müxtəlif yaş qruplarını təmsil edən iştirakçılara beynəlxalq yarış həyəcanını yaşatmaqla yanaşı, onların təcrübələrinin artırılmasında da xüsusi əhəmiyyətə malik idi.
Yarışın birinci günü balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) arasında fərdi proqramda qalib və mükafatçılar müəyyənləşdi. İkinci gün isə sinxron proqramda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında ən güclülər fəxri kürsüdə yer aldılar.
Bununla da, milli yarışlar mövsümünün ilk startı uğurla başa çatdı. Qarşıda isə gimnastikasevərləri məhz bu növ üzrə təşkil olunacaq ilin ilk beynəlxalq yarışı, batut gimnastikası üzrə Dünya kuboku gözləyir.
Yarışlar haqda ətraflı məlumatı www.agf.az saytından əldə edə bilərsiniz.