İdman

gimnastikadan

başlayır

Gimnastımız Dünya kubokunun bürünc medalına sahib çıxıb 

02 aprel 2022

Gimnastımız Dünya kubokunun bürünc medalına sahib çıxıb 

Ölkəmizdə keçirilən Kişi və Qadın İdman Gimnastikası üzrə Dünya Kuboku davam edir.  Bu gün yarışların final mərhələsi baş tutub. Final proqramında kişilər arasında paralel qollar və halqalar, qadınlar arasında isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar  üzrə qaliblər müəyyənləşib. 
Sevindirici haldır ki, təmsilçimiz Nikita Simonov halqa üzərində uğurla çıxış edərək komandamıza bürünc medal qazandırıb. İdmançımız həlledici mərhələdə hakimlərdən 14.500 xal alıb.
Həlledici mərhələdə paralel qollar üzrə ölkəmizi təmsil edən milli komandamızın üzvü İvan Tixonov 13. 833 xalla  7-ci pillədə qərarlaşıb. 
Mükafatlandırma mərasiminin yekununda kişi və qadınlar arasında bu il keçirilən 4 Dünya kubokunda göstərilən üç ən yaxşı nəticənin yekununa əsasən idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim edilib. Kişilər arasında sərbəst hərəkətlər üzrə Artyom Dolqopyat (İsrail),  paralel qollar üzrə İlya Kovtun (Ukrayna), qadınlar arasında dayaqlı tullanma üzrə Oksana Çusovitina (Özbəkistan),  müxtəlif hündürlüklü qollar üzrə isə Daniela Batrona (Ukrayna) FIG kubokuna layiq görülüblər. 
Eləcə də ən yüksək icra xalı toplamış gimnastlar - Bolqarıstan təmsilçisi Valentina Georgiyeva və Gürcüstan təmsilçisi İoanne Cimşeleşvili  “AGF Trophy” kuboku ilə təltif olunublar. 
Sabah keçiriləcək final yarışlarında kişilər arasında dayaqlı tullanma, dəstəli at və turnik, qadınlar arasında isə gimnastika tiri və sərbəst hərəkətlər proqramları üzrə qaliblər müəyyənləşəcək. 
Yarışın yekun nəticələri ilə agf.az saytından tanış ola bilərsiniz.