24 fevral 2024
Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.
3 gün davam edəcək yarışda 32 ölkənin 300 gimnastı mübarizə aparır. Builki kubok qarşıdan gələn Paris Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Batut gimnastikası üzrə yarışda Azərbaycanı milli komandamızın üzvləri qadınlar arasında Dünya kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edir.
Tamblinq üzrə yarışda millimizin üzvləri Avropa və ikiqat dünya çempionu Mixail Malkin, komanda hesabında dünya çempionları Adil Hacızadə və Tofiq Əliyev, gənclər arasında Avropa çempionatının komanda hesabında bürünc mükafatçısı Bilal Qurbanov mübarizə aparır.
Qeyd edək ki, ölkəmiz ilk dəfədir ki, batut gimnastikası üzrə Dünya kubokunda kişilər arasında yarışlarda milli idmançılarımızla təmsil olunur.
Yarışın ilk günündə keçirilən açılış mərasiminin ardınca batut gimnastikası üzrə təsnifat mərhələsi çərçivəsində fərdi çıxışlara start verilib.
Qadınlar arasında fərdi növdə çıxış edən təcrübəli gimnastımız Selcan Mahsudova iki cəhdin nəticəsinə görə 53.630 xalla yarımfinala vəsiqə qazanıb.
Dünya kubokunda debüt edən edən təmsilçilərimiz Hüseyn Abbasov, Nicat Mirzəyev və Mehdi Əliyev də fərdi proqramda çıxışlarını nümayiş etdirsələr də, təəssüf ki, yarımfinal mərhələsinə vəsiqə əldə edə bilməyiblər.
Sabah gimnastlar batut gimnastikası üzrə fərdi poqramda yarımfinal mərhələsində, sinxron proqramda isə təsnifat mərhələsində qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, sabah həmçinin tamblinq üzrə təsnifat mərhələsinə start veriləcək.