İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Avropa Gənclər Yay Olimpiya Festivalında çıxışlarını başa vurublar 

30 iyul 2022

Gimnastlarımız Avropa Gənclər Yay Olimpiya Festivalında çıxışlarını başa vurublar 

İyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhərində Avropa Gənclər XVI Yay Olimpiya Festivalı keçirilib. Budəfəki mübarizəyə 10 idman növü üzrə 50 ölkədən 4 minə yaxın idmançı qoşulub. Əslində bu şəhərin ötən il iyulun 25-dən 31-dək festivala ev sahibliyi edəcəyi planlaşdırılsa da, yarış koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. Festivala 33 idmançı ilə qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində ənənəvi olaraq Azərbaycanın kişi və qadın idman gimnastları da yer alıblar. 
Yarışda qadınlar arasında ölkəmizi Nazənin Teymurova, Duyğu Əlizadə, kişilər arasında Ramin Dəmirov, Rəsul Əhmədzadə və Anar Həsənov təmsil ediblər. 
Komandamıza ən yaxşı nəticəni gimnastımız Nazənin Teymurova qazandırıb. İdmançımız dayaqlı tullanmada finala vəsiqə qazanaraq, yarışları 5-ci pillədə başa vurub. Qeyd edək ki, gimnastika tariximizdə ilk dəfədir ki, qadınlar arasında bu növ üzrə gənc idmançımız Avropa Gənclərinin Olimpiya Festivalında final mərhələsinə vəsiqə qazanıb.
Nazənin komanda yoldaşı Rəsul Əhmədzadə ilə qarışıq cütlük proqramında da finala adlamağı bacarsa da, təəssüf ki, idmançılarımızın topladıqları xallar medal qazanmağa kifayət etməyib. Təmsilçilərimiz bu proqramda 10-cu pillədə qərarlaşıb. Qeyd edək ki, iyulun 30-da keçirilən festivalın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı gimnastımız Nazənin Teymurova olub.