İdman

gimnastikadan

başlayır

Gimnastlarımız həftəsonu yarışlarından 4 qızıl və 2 gümüş medal qazanıb

13 may 2024

Gimnastlarımız həftəsonu yarışlarından 4 qızıl və 2 gümüş medal qazanıb

Ötən həftəsonu Azərbaycan təmsilçiləri üç beynəlxalq turnirdə iştirak ediblər. 10-12 may tarixlərində Bolqarıstanın Burqas şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya kubokunda idmançılarımız qarışıq hərəkətlər proqramı üzrə ölkəmizə düz 3 medal qazandırıb. Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət olan qarışıq cütlük yarışın qızıl medalçısı olub. Çıxışlarının nəticələrinə əsasən onlar 29.570 xal toplayaraq ikinci və üçüncü yerlərdə yarışları başa vuran Ukrayna və İsrail gimnastlarını üstələyərək rəqibləri üçün əlçatmaz olublar. Qızıl medalla yanaşı, Azərbaycan gimnastları həm də iki gümüş medal əldə ediblər. Murad Rəfiyev və Daniel Abbasovun kişi tandemi 28,510 xal toplayaraq Qazaxıstan təmsilçilərindən sonra yarışı ikinci yerdə başa vurublar. Kürsünün ikinci pilləsini həm də Riad Səfərov, Abdulla Əl-Məşaixi, Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət kvartetimiz tutub.
Eyni tarix və eyni məkanda baş tutan digər bir beynəlxalq yarışda – “Acro Cup”da da gimnastlarımız Azərbaycan bayrağını qürurla dalğalandırıb. Rəşidova Zəhra, Bashiri Anahita və Zeyniyeva Nəzrinin təmsil etdiyi gənclərlərdən ibarət qadın qrupu komandamız balans (28,500), temp (28,390) və qarışıq (29,000) hərəkətlərdə çıxış edib. Millimiz hər üç proqram üzrə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib və nəticədə 3 qızıl medal sahibi olub. Beləliklə, Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya kuboku və “Acro Cup” beynəlxalq yarışının yekununda Azərbaycan komandası dörd qızıl və iki gümüş medal qazanıb. Hər iki beynəlxalq yarışda iştirak edən gimnastlarımız qələbə şövqü və qazandıqları son naliyyətlərin ruh yüksəkliyi ilə ölkəmizi daha bir mötəbər tədbirdə - 17-19 may tarixlərində Portqualiyada baş tutacaq Dünya kubokunda təmsil etmək üçün yola düşürlər.
10-12 may tarixlərində gimnastikanın daha bir növü üzrə keçirilən turnirdə təmsilçimiz öz bacarığını sınayıb. Belə ki, bədii gimnast İlona Zeynalovanın Portuqaliyanın Portimao şəhərində baş tutan “Challenge” seriyasına aid FIG dünya kubokunda çoxnövçülük proqramı üzrə çıxışı hakimlər tərəfindən 55,750 xalla qiymətləndirilib.
Növbəti yarışlarda milli komandamızın üzvlərinə bol müvəffəqiyyət arzu edirik!