İdman
gimnastikadan
başlayır
25 oktyabr 2026
17–25 oktyabr tarixlərində Niderlandın Rotterdam şəhərində idman gimnastikası üzrə 54-cü Dünya çempionatı keçirilib.
“Rotterdam Ahoy” arenasında təşkil olunan mötəbər yarışda 83 ölkədən 469 gimnast iştirak edib. Doqquz gün davam edən çempionatda idmançılar komanda, çoxnövçülük və ayrı-ayrı alətlər üzrə proqramlarda dünya çempionluğu uğrunda mübarizə aparıblar.
Dünya çempionatında ölkəmizi kişilər arasında Nikita Simonov və Rəsul Əhmədzadə, qadınlar arasında isə Nazənin Teymurova və Dəniz Əliyeva təmsil ediblər.
Kişilər arasında Nikita Simonov halqalar, Rəsul Əhmədzadə isə dəstəli at, turnik və paralel qollar üzrə proqramlarda çıxış ediblər. Qadınların yarışında Nazənin Teymurova dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar və gimnastika tiri, Dəniz Əliyeva isə bu alətlərlə yanaşı, sərbəst hərəkətlər proqramında da bacarığını nümayiş etdirib.
Təmsilçilərimiz arasında ən yüksək nəticəni Nikita Simonov göstərib. O, halqalar üzrə təsnifat mərhələsində 13.900 xal toplayaraq 9-cu pillədə qərarlaşıb və finala vəsiqə qazanan ən yaxşı səkkizliyə düşməyə çox yaxın olub.
Digər gimnastımız Rəsul Əhmədzadə dəstəli at üzrə proqramda 13.766 xalla 29-cu yeri tutub.
Qadın gimnastlarımızdan Dəniz Əliyeva sərbəst hərəkətlər üzrə 11.766 xal toplayaraq 98-ci pillədə qərarlaşıb. Nazənin Teymurova isə müxtəlif hündürlüklü qollar proqramında 11.333 xalla 123-cü yerdə yarışı tamamlayıb.