27 may 2024
Gimnastlarımız üçün aktiv keçən yarış mövsümü davam edir. Bu minvalla ötən həftə də istisna deyildi.
23-26 may tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilən idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kubokunda Ağarzayev Murad (sərbəst hərəkətlər, dəstəli at, dayaqlı tullanma), Tixonov İvan (turnik), Əhmədzadə Rəsul (sərbəst hərəkətlər, dəstəli at, paralel qollar), Teymurova Nazənindən (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) ibarət millimiz ölkəmizi təmsil edib. Qadın idman gimnastikası üzrə Azərbaycanın seçilən idmançılarından olan Teymurova Nazənin dayaqlı tullanma proqramında finala vəsiqə qazanıb. Onun həlledici mərhələdəki çıxışı hakimlər tərəfindən 12,683 xalla qiymətləndirilib və nəticədə o, 7-ci yerdə qərarlaşıb. Kişi idman gimnastikası üzrə təmsilçilərimiz arasında ən yaxşı nəticəni Əhmədzadə Rəsul göstərib. O, təsnifat mərhələsində dəstəli at proqramı üzrə 13,350 xal toplayaraq 12-ci sırada yer alıb.
Ötən həftə gimnastlarımız daha bir gimnastika növü üzrə keçirilən yarışda iştirak ediblər. Aerobika gimnastikasının nümayəndələri Dolmatov Vladimir, Qurbanova Dilarə və Mustafayeva Mədinə 25 və 26 may tarixlərində Yaponiyanın Yokohama şəhərində baş tutan Dünya kubokunda çıxış ediblər. Qurbanova Dilarə tərəfindən fərdi, Dolmatov Vladimir və Mustafayeva Mədinədən ibarət qarışıq cütlük və hər üç idmançımızın yer aldığı üçlük proqramları üzrə performanslar nümayiş olunub. İdmançılarımız ən uğurlu nəticəyə qarışıq cütlük proqramında nail olub. Belə ki, gimnastlarımız final mərhələsində 18,550 xal toplayaraq 5-ci sırada qərarlaşıblar.
Hər yarış idmançılarımızın özlərini qiymətləndirmələri və inkişaf etdirmələri üçün bir fürsət hesab olunur. Onlara gələcək yarışlarda bol müvəffəqiyyət arzulayırıq.