İdman

gimnastikadan

başlayır

İRƏLİ, AZƏRBAYCAN!

10 iyun 2015

İRƏLİ, AZƏRBAYCAN!

Bakıda keçiriləcək tarixi əhəmiyyətli ilk Avropa Oyunlarına sayılı günlər qalıb. Qədim zamanlardan üzügülər və hər zaman qonaqpərvər olan Abşeron yarımadası torpağı paytaxt və Mingəçevir şəhərindəki olduqca müasir idman arenalarında qitənin Balkan və Pirin, Apenin və Skandinaviya, həmçinin Köhnə Dünyanın digər yerlərindən olan nümayəndələrini qəbul edəcək.

Elit Oyunlar, seçmə idman növlərinin proqrama daxil olmasını nəzərdə tutur. Gimnastika hər zaman bu növlər sırasında olmuş və olacaqdır. 27 Azərbaycan gimnastı Oyunlar çərçivəsində 6 gimnastika növü üzrə yarışlarda iştirak edəcək.

Diqqətli və daimi oxucular bilir ki, ötən ilin sonlarından başlayaraq, Azərbaycan Gimnastika Federasiyası Avropa Oyunlarına həsr olunmuş layihə təqdim etmişdir. Layihə çərçivəsində Oyunlar haqda məlumat, iyun ayındakı  yarışların  mümkün gələcək iştirakçıları ilə müsahibələr yerləşdirilmişdir. Müsahibənin forması anket suallarını xatırladırdı və buna görə də, idmançı-müsahiblərin cavabları bir-birinə bənzəyirdi. Gimnastlar Marina Durunda ilə Ayşən Bayramova, Oleq Stepko ilə Eldar Səfərov, həmçinin akrobatlarla batut və aerobika gimnastları uşaq yaşlarında valideynlərinin onları gimnastika bölmələrinə gətirmələri və bunun verdiyi nəticə haqda danışdılar, o cümlədən başlıca məqsədlərinin təvazökarlıqla – Avropa Oyunlarında Azərbaycanı layiqincə təmsil etmək olduğunu ifadə etdilər. Bu Oyunlara yaxınlaşdıqca, yüksək səviyyəli beynəlxalq turnirlərdə və keçirilən yoxlama məşqlərində - ötən şənbə günü Milli Gimnastika Arenasında təşkil olunan sonuncu yoxlama-məşqi daxil olmaqla - iştirak etdikcə, Azərbaycan gimnastlarının  Oyunlara yüksək səviyyədə hazırlaşdığı açıq aydın görünür. Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidenti Altay Həsənovun ifadə etdiyi kimi, "Ən əsası Sizə və digər idmançılara Oyunları zədəsiz qarşılamağı və Odlar Diyarı doğma torpağımızda uğurla çıxış etməyi arzulayıram”.

Qədim məbəd “Atəşgah”da alovlandırılan məşəl isə artıq Bakıdadır. Paytaxtda həmin məşəli 100-dən çox tanınmış idmançı, o cümlədən oyunların səfiri Marina Durunda və idman gimnastikasının canlı əfsanəsi Valeriy Belenki qürurla daşıyacaqdır. Məşqçi kimi uğurla fəaliyyət göstərdiyi Almaniyadan, xüsusi olaraq Oyunlara görə, ölkəmizə təşrif buyurmuş, 92-ci ilin Barselona Olimpiya Oyunlarının çempionu, 46 yaşlı Valeriy Belenki öz hisslərini belə ifadə etdi: “Doğma şəhərin küçələrində məşəli daşımaq çox şərəfli və hər zaman məsuliyyətli bir işdir”.

Cari həftə bir çox hadisələrlə yadda qalacaq. Artıq iyunun 11-dən etibarən gimnastika komandası bütün məşqçi və texniki heyətlə birgə “İdmançılar kəndi”nə köçəcək, bir gün sonra isə podium məşqləri keçiriləcək. 12 iyun tarixində Olimpiya Stadionunda bizi unudulmaz açılış mərasimi gözləyır, 14-15 iyun tarixlərində isə Milli Gimnastika Arenası öz qapılarını Avropa Oyunlarının ilk iki gimnastika növünün – qadın  və kişi idman gimnastikasının azarkeşlərinə açacaq. 17 iyun tarixində yarış meydançası bədii gimnastların, akrobatların, batut və aerobika gimnastlarının ixtiyarında olacaq. 18-21 iyun tarixlərində artıq hər 6 növ üzrə final mərhələləri keçiriləcək.

Gimnastika yarışlarına biletlər müxtəlif ölkələrdə keçirilən iri miqyaslı yarışlarla müqayisədə çox münasibdir, cəmi 3-5 manat təşkil edir. Bir sözlə, yarışlara gələrək, idmançılarımızı dəstəkləyin. Axı onların Sizin dəstəyinizə, tribunalardan onları izləməyinizə çox ehtiyacları var. Bu idman bayramından yan keçməyin və idmançılarımıza dəstək olun. İrəli, Azərbaycan!!!