İdman

gimnastikadan

başlayır

QRUP KOMANDASI POLŞA TURNİRİNDƏ ÜÇÜNCÜ OLMUŞDUR

08 iyun 2009

QRUP KOMANDASI POLŞA TURNİRİNDƏ ÜÇÜNCÜ OLMUŞDUR

Azərbaycanın qrup komandası Polşada keçirilən Baltic Cup beynəlxalq turnirinin bürünc mükafatçısı olmuşdur.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, Vəfa Hüseynova, Valeriya Yeqay, Anastasiya Prasolova, Dina Qorina, Ceyla Quliyeva və Nigar Mirzəyevadan ibarət kollektiv 3 lent və 2 iplə hərəkətlərlə finalda 3-cü yeri tutmuşdur. Bürünc medalçılarımız yalnız Rusiya və ev sahiblərindən geri qalmışlar.

Bədii gimnastika üzrə yığmanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, kollektiv qarışıq hərəkətlərdə daha hazırlıqlı olmuş və İsrail idmançılarını qabaqlaya bilmişdir.

“Deyə bilərəm ki, bizim kompozisiya həm hakimlərin, həm də tamaşaçıların xoşuna gəlir. Amma, hələlik, gimnastlar heç də bütün hərəkətləri dəqiqliklə yerinə yetirə bilmirlər, və biz məşqçilər bunu aradan qaldıracağıq. Sentyabrda Yaponiyada keçiriləcək dünya çempionatına qədər mən Sofiyanın məşhur “Levski” klubunda ayyarımlıq təlim-məşq toplanışları, bunun davamı olaraq isə Burqas şəhərinin “Mladost” zalında məşqlər planlaşdırmışam. Təlim-məşq toplanışlarından öncə və sonra komanda Amsterdam turnirində və Minskdə Dünya kuboku mərhələsində iştirak edəcək”, baş məşqçi məlumat vermişdir.

Polşada fərdi turnirdə isə iştirak edən Samirə Mustafayeva iki finalda çıxış etmişdir. O, ən yaxşı nəticəni topla göstərmişdir – 5-ci yer, iplə hərəkətlərdə isə o, 8-ci olmuşdur. Çoxnövçülükdə Samirə 6-cı yeri tutmuşdur. Mükafatlara Rusiya idmançıları Darya Yermakova və Yana Lukonina, eləcə də polyak İoanna Mitroş layiq görülmüşlər.