İdman

gimnastikadan

başlayır

QRUP KOMANDAMIZ KİYEVDƏ DÜNYA KUBOKUNUN MƏRHƏLƏSİNDƏ 4-CÜ YERİ TUTUB

10 may 2011

QRUP KOMANDAMIZ KİYEVDƏ DÜNYA KUBOKUNUN MƏRHƏLƏSİNDƏ 4-CÜ YERİ TUTUB

Kiyevdə Azərbaycan idmançılarının iştirakı ilə bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi və beynəlxalq turniri başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Dünya Kubokunda ən yaxşı nəticəni qrup komandamız göstərib. Ceyla Quliyeva, Ayelita Xələfova, Səbinə Abbasova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkova İtaliya, Belarus və Ukrayna komandalarından sonra yarışın yekunları üzrə 4-cü yeri tutublar.

Ayrı-ayrı finallarda Azərbaycan gimnastları 3 lent və 2 halqa ilə yarışda 4-cü yerin nəticələrini təkrarlayıblar. 5 topla isə komanda 7-ci yeri tutub.

Fərdi yarışlarda Zeynəb Cavadlı 10-cu yeri, Anna Qurbanova isə 12-ci yeri tutub. Çoxnövçülükdə rusiyalı Darya Kondakova qalib gəlib, dörd finaldan üçündə isə ukraynalı Alina Malsimenko birinci yeri tutub.

Yeniyetmələrin turnirinə gəldikdə, Gülsüm Şəfizadə (1998-ci il təvəllüdlü) 10-cu, Ləman Hacızadə isə (1999-cu il) 17-ci yeri tutub. Bu həftənin sonunda (mayın 13-15-də) Dünya Kubokunun növbəti mərhələsi Korbey-Essonda keçiriləcək. Fransaya Aliyə Qarayeva və Samirə Mustafayeva gedəcəklər.