23 mart 2024
Martın 21-dən 23-dək gimnastika növünün ən zərif nümayəndələri gimnastikasevərlərin doğma məkanı olan Milli Gimnastika Arenasında bir araya gəldilər.
Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Kür Olimpiya Tədris Idman Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi və Sumqayıt Olimpiya İdman Kompleksindən 60-dək gimnast qüvvəsini sınadı.
Çempionatda 2011-ci il təvəllüdlü yeniyetmələr, 2009-2010-ci il təvəllüdlü gənclər, 2008-ci il və daha böyük təvəllüdlü böyükyaşlı gimnastlar fərdi proqramda çempionluq uğrunda mübarizəyə qoşuldular.
2009-2011-ci il təvəllüdlü gənc gimnastlar isə qrup hərəkətləri proqramında 5 halqa və 5 cüt gürzlə çıxışlarını nümayiş etdirdilər.
Yarışın ilk iki günü ərzində keçirilən təsnifat mərhələsinin yekununda yaş qruplarına müvafiq olaraq çoxnövçülük üzrə qaliblər müəyyənləşdi. Həçminin qrup hərəkətləri proqramında gənclər arasında mükafatçılar bəlli oldu.
Növbəti gün yeniyetmələr, gənc və böyükyaşlı gimnastlar fərdi proqramda, eləcə də gənc gimnastlar qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə mübarizəyə qoşuldular.
Həmişə olduğu kimi, bu dəfə də zala toplaşmış azarkeşlər gimnastlarımızı böyük hərarətlə dəstəkləyirdi. İzləyicilərin onlara verdiyi güc gimnastlarımızın xalça üzərində özünəinamlı və ruh yüksəkliyi ilə nümayiş etdirdikləri çıxışlardan hiss olunurdu.
Gənc və yeniyetmə idmançıların təcrübəli gimnastımız, Paris-2024-ə lisenziyanın sahibi Zöhrə Ağamirova ilə eyni yarışda xalça üzərində çıxış etmələri onların özlərinə olan əminliyini daha da artırırdı.
Çempionatda ötən ilin Avropa çempionları, dünya çempionatının bürünc mükafatçıları olan qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova Yelizaveta Luzan və Darya Sorokinanın 5 halqa, eləcə də 3 lent və 2 topla icra etdikləri maraqlı və rəngarəng kompozisiyadan ibarət nümunəvi çıxışlar da tamaşaçıların marağına səbəb oldu.