16 mart 2016
Novruz Bayramının əsas xüsusiyyəti onun böyük ailələri bayram tonqalı ətrafında və ənənəvi dadlı şirniyyatlar, milli yeməklər və əlbəttə ki, bu bayramın başlıca rəmzi olan Səməni ilə bəzədilmiş bayram süfrəsi arxasında birləşdirməkdən ibarətdir.
“Torpaq çərşənbəsi” adlandırılan Novruz Bayramından əvvəlki ilaxır çərşənbə axşamında böyük gimnastika ailəsi doğma evi – Milli Gimnastika Arenasının (MGA) həyətində qalanmış isti tonqal ətrafında toplaşdı.
Tonqal atəşinin hündürlüyünə baxmayaraq, gimnastikanın 6 yarış növü üzrə yığma komandaların üzvləri əsl idmançı ruhunu nümayiş etdirərək sevinclə tonqal üzərindən tullandılar. İnkişaf edən Azərbaycan gimnastikasının gələcəyi olan balaca uşaqlar isə özlərinə məxsus uşaq cəsarət ilə şənliyə xüsusi gözəllik qatan kiçik tonqalların üzərindən hoppanmaq üçün bir-birini qabaqlamağa çalışırdılar.
Ləzzətli şirniyyatlardan dadan şənlik iştirakçıları qədim adətlərə sadiq qalaraq qaynadılmış rəngarəng yumurtaları böyük həvəslə döyüşdürürdülər.
Şıltaq mart ayının Bakı küləyi idmançılar, məşqçilər, tibbi heyət, həmçinin Azərbaycan Gimnastikası Federasiyası və MGA-nın əməkdaşları ilə birlikdə Azərbaycanın milli "Yallı" rəqsinin ritminə uyğun eyni vaxtda dövrə vururdu.
Gimnastika ailəsi adından qarşıdan gələn Novruz Bayramı münasibətilə hamını təbrik edirik və hər bir ailəyə sağlamlıq, firavanlıq və əlbəttə ki, həqiqi bahar əhval-ruhiyyəsi və xoş istirahət arzulayırıq. Bayram ərəfəsində, 19 mart saat 12:00-da gənc gimnastlar - “Ocaq” İdman Klubunun nümayəndələri - MGA-nın səmimi abu-havalı arenasında bayram şousunda öz rəngarəng çıxışları ilə Sizə böyük məmnuniyyətlə xoş əhval-ruhiyyə bəxş edəcəklər.
Videonu burada izliyə bilərsiniz: https://www.youtube.com/watch?v=U7RXrg_D6P4