İdman

gimnastikadan

başlayır

Hakimlərimizin uğurları

10 dekabr 2024

Hakimlərimizin uğurları

29-30 noyabr və 1-10 dekabr tarixlərində İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kursları keçirilib. Kurslarda bədii gimnastika, tamblinq, batut, parkur və qadın idman gimnastikası üzrə təmsilçilərimiz iştirak edib. 

Belə ki, bədii gimnastikada fərdi proqram üzrə hakimlər Nigar Abdusalimova kateqoriya 1, Vilyayeva Yevgeniya və Səbinə Hacıyeva kateqoriya 2-yə, qrup hərəkətləri proqramı üzrə Vilyayeva Yevgeniya kateqoriya 1, Nigar Abdusalimova kateqoriya 2, Vəfa Bəkərova isə kateqoriya 3-ə layiq görülüblər.

Batut gimnastikası üzrə hakim Kamil Quliyev kateqoriya 1, tamblinq üzrə hakimlər Rahib Əliyev kateqoriya 1, Adil Hüseyn-zadə isə kateqoriya 3-ə nail olublar.

Parkur gimnastikası üzrə hakim Arif Feyziyev kateqoriya 3-ə layiq görülüb.

Qadın idman gimnastikası üzrə hakimlər Anjella Abdullayeva kateqoriya 1-ə, Kristina Pravdina isə kateqoriya 2-ə yüksəlib.

Tarixdə ilk dəfə olaraq tamblinq, bədii və batut gimnastikası üzrə hakimlərimiz 1-ci kateqoriyaya yüksəliblər. 

Qitələrarası hakimlik kursları Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən hər Olimpiya dövründə təşkil olunan, beynəlxalq hakimlər üçün nəzərdə tutulan xüsusi təlim proqramıdır. Kurslar gimnastika növləri üzrə qaydaların dərindən öyrənilməsi, praktiki məşqlər və imtahanlardan ibarətdir. Kursların keçirilməsində məqsəd beynəlxalq səviyyədə keçirilən yarışlarda ən dəqiq və obyektiv qiymətləndirməni təmin etmək üçün hakimlərin bilik və bacarıqlarını artırmaqdır.  

Kurslar çərçivəsində iştirakçılar:  
- Yeni qaydalar və təlimatlarla tanış olur,
- Məşq zamanı müxtəlif gimnastika çıxışlarını qiymətləndirir,  
- Ən yüksək nəticə göstərmək üçün imtahanlardan keçirlər. 
 
Hakimlərin kateqoriyaları onların beynəlxalq yarışlarda hansı səviyyədə çıxışları qiymətləndirə biləcəyini müəyyən edir. 1-ci kateqoriya isə ən yüksək səviyyə hesab olunur və yalnız seçilmiş hakimlər bu kateqoriyaya layiq görülürlər.  

Bu hakimlik kurslarında Azərbaycan hakimlərinin yüksək peşəkarlıq nümayiş etdirməsi milli gimnastika ictimaiyyətimiz üçün tarixi hadisədir. 
Hakimlərimizi bu nailiyyətlər münasibətilə təbrik edir, onlara uğurlar arzulayırıq!